Böyük Britaniyadan İrana hücum mesajı: Özümüzü müdafiə etməyə hazırıq



İranın ABŞ tərəfindən istifadə edilən Britaniya hərbi bazalarını qanuni hədəf kimi gördüyünü bəyan etməsindən sonra Böyük Britaniya hökuməti özünü müdafiə etmək üçün 24 saat hazır olduğunu açıqlayıb.

AFN.az xəbər verir ki, Böyük Britaniya ABŞ şəxsi heyətinə və təyyarələrinə ev sahibliyi edən bazalarından ABŞ-nin müdafiə məqsədli əməliyyatlar keçirməsinə icazə versə də, İrana qarşı birbaşa hücum əməliyyatlarında əməkdaşlıq etməkdən imtina edib.

İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın ABŞ müharibəsində cinayətə şərik olduğunu bildirərkən, İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-yə hərbi dəstək verən hər bir ölkənin fəsadlardan və nəticələrdən məsuliyyət daşıyacağını elan edib.

Bəyanatlar ABŞ-nin İrandakı hədəflərə ard-arda 13-cü gecə də hava zərbələri endirdiyi vaxta təsadüf edib.

ABŞ Prezidenti Donald Tramp müharibəyə kifayət qədər dəstək vermədiyi əsası ilə Britaniya hökumətini və keçmiş Baş nazir Ser Keyr Starmeri dəfələrlə tənqid etdiyi halda, İran tərəfi Böyük Britaniyanı hərbi əməliyyatların bir hissəsi kimi mövqeləndirməyə çalışıb.

Mart ayında ABŞ və İsrailin rəhbərliyi ilə başlayan müharibədən günlər sonra Körfəz ölkələrinə və Hörmüz boğazındakı gəmilərə hücum etmək üçün istifadə olunan İran hərbi infrastrukturunu hədəf almaq məqsədilə ABŞ-yə Qlosterşirdəki "RAF Fairford" və Hind okeanındakı "Diego Garcia" da daxil olmaqla Britaniya bazalarından istifadə icazəsi verilib.

Sözügedən siyasət ABŞ ilə bağlanan sazişin uzadılması qərarı özünə məruzə edilən yeni Baş nazir Endi Börnhem tərəfindən dəyişdirilməyib.

İslam İnqilabı Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan "Tasnim" xəbər agentliyində dərc olunan açıqlamada ABŞ-nin bombardman missiyalarının iki gün əvvəl "RAF Fairford" bazasından havalandığı iddia edilib.

Böyük Britaniya Müdafiə Nazirliyi bazanın bu həftə İrana qarşı əməliyyatlarda ABŞ tərəfindən istifadə olunub-olunmaması ilə bağlı şərh verməyib.

İranın təhdidlərinə cavab verən Britaniya hökumətinin sözçüsü "Silahlı Qüvvələrimiz istər öz torpaqlarımızda, istərsə də xaricdən gəlsin, Böyük Britaniyanı hər növ hücumdan qorumağa hazırdır. Böyük Britaniya özünü 24 saat müdafiə etməyə hazırdır" ifadələrini işlədib.

Sözçü NATO müttəfiqləri ilə sıx əməkdaşlıq çərçivəsində hava və raket müdafiəsinə mərhələli yanaşmanın tətbiq edildiyini bildirib.

Həmçinin Britaniyanın münaqişəyə yanaşmasının dəyişmədiyini, beynəlxalq hüquqa uyğun hərəkət edərək və daha geniş münaqişəyə çəkilməyərək əhalini, maraqları və müttəfiqləri müdafiə etməkdə qərarlı olduqlarını çatdırıb.

Müharibənin 28 fevralda başlamasından günlər sonra İranın London səfiri Seyid Əli Musəvi Britaniyanın müharibəyə qoşulacağı təqdirdə İranın qanuni müdafiə hüququna sahib olacağını və münaqişəyə qatılmaq məsələsində çox diqqətli olmasının vacibliyini deyib.

İran 19 martda Çaqos adalarında yerləşən Britaniyanın "Diego Garcia" bazasına iki balistik raket atıb.

Raketlərdən birinin uçuş zamanı sıradan çıxdığı, digərinin isə ABŞ hərbi gəmisi tərəfindən vurulduğu bildirilib.

İrandan təxminən 3600 kilometr aralıda yerləşən arxipelaqa İranın çata biləcək raketlərinin olub-olmaması ilə bağlı həmin dövrdə şübhələr var idi.

Eyni ay İsrail İranın 4 min kilometr mənzilə malik raketlərinin olduğunu, bunun da nəzəri olaraq Böyük Britaniya və qitə Avropası ölkələrinə çata biləcəyi mənasına gəldiyini iddia edib.

Lakin dövrün Mənzil Naziri Stiv Rid iranlıların Böyük Britaniyanı hədəf aldığına və ya istəsələr belə bunu edə biləcəklərinə dair xüsusi bir qiymətləndirmənin olmadığını bildirib.

Analitiklər də ABŞ-nin hücumları ilə əhəmiyyətli dərəcədə zəiflədildiyi qeyd edilən İran raket arsenalının etibarlılığı və dəqiqliyi barədə şübhələrini ifadə ediblər.

İran son aylarda ABŞ hərbi bazalarına ev sahibliyi edən Körfəz ölkələrinə hücumlar təşkil edərkən, Hörmüz boğazındakı mülki gəmilərə qarşı hücumlar da bu kritik yükdaşıma marşrutunu bağlayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı 13-cü gecə hücumlarının tamamlandığını bəyan edib.

Açıqlamada Hörmüz boğazının son hücumlara baxmayaraq gediş-gəliş üçün açıq qaldığı və ticarət gəmilərinin ABŞ hərbi dəstəyi ilə marşrutlarında irəliləməyə davam etdiyi qeyd olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu