Siciliya adası meşə yanğınları ilə mübarizə aparır
İtaliyada yanğınsöndürmə, mülki müdafiə və meşə təsərrüfatı qruplarının Siciliya adasının müxtəlif nöqtələrində başlayan və küləyin təsiri ilə gecə boyunca davam edən meşə yanğınlarını söndürmək istiqamətindəki fəaliyyəti davam edir.
AFN.az xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, adanın qərbindəki Palermo şəhəri yaxınlığında yerləşən Longa dağının ətəklərində dünən başlayan meşə yanğını gecə saatlarında küləyin güclənməsi ilə daha da genişlənib.
Palermo yaxınlığındakı Trabia bölgəsi ətrafındakı meşə yanğını bəzi yolların bağlanmasına səbəb olmaqla yanaşı, yaşayış məntəqələri üçün də təhlükə yaradıb.
Bəzi evlərin alovlar içində qaldığı müşahidə olunarkən, hüquq-mühafizə orqanları və yanğınsöndürmə briqadaları ərazidə yaşayan sakinləri və risk altında olan şəxsləri təxliyə ediblər.
Qrupların alovları nəzarət altına almaq səyləri davam etdiyi bir vaxtda Siciliyada baş verən yanğınlar bəzi ərazilərdə elektrik enerjisinin kəsilməsinə və yolların bağlanmasına gətirib çıxararaq gündəlik həyata mənfi təsir göstərib.
Mətbuatda yer alan xəbərlərə əsasən, Palermo şəhəri və ətrafında meşə yanğınları səbəbindən tez-tez elektrik kəsintiləri baş verib, yanğınsöndürənlər, jandarma və meşə təsərrüfatı əməkdaşları gecə boyunca alovun qarşısını almağa çalışıblar.
Siciliyanın iki böyük şəhəri olan Palermo və Kataniya arasındakı avtomobil yolu boyunca meşə yanğınları davam edib.
Adanın cənubundakı Aqricento vilayətinin Santo Stefano Kviskvina qəsəbəsi yaxınlığında baş qaldıran yanğın küləyin təsiri ilə böyüyərək yaşayış sahələrini təhdid edib və ərazidən 100-dən çox insan təxliyə olunub.
Siciliyada meşə yanğınlarının söndürülməsi işlərinə havadan dəstək vermək məqsədilə əraziyə çoxlu sayda helikopter və yanğınsöndürən təyyarə də cəlb edilib.



