Çin "AliExpress"ə 550 milyon avroluq cərimədən sonra şirkətlərinə dəstək verəcək
Çin Avropa Komissiyasının "AliExpress" platformasını 550 milyon avro məbləğində cərimələmək qərarından sonra milli şirkətlərin hüquqlarının qorunmasına dəstək göstərəcək.
AFN.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Çin tərəfi Çin müəssisələrinin öz hüquqlarını qorumaq üçün hüquqi alətlərdən istifadə etməsini qətiyyətlə dəstəkləyəcək və onların maraqlarını qorumaq üçün təsirli tədbirlər görəcək", — deyə bəyanatda bildirilir. Nazirliyin açıqlamasında Avropa Komissiyasının addımlarından dərin narazılıq və ciddi narahatlıq ifadə edilib. Vurğulanıb ki, Pekin internet platformalarının tənzimlənməsi bəhanəsi ilə rəqəmsal baryerlərin yaradılmasına, eləcə də Çin elektron ticarət şirkətlərinin Avropadakı fəaliyyətini məhdudlaşdıran ayrı-seçkilik xarakterli tədbirlərə qarşıdır.
Çin Ticarət Nazirliyi Aİ-dən qeyri-müəyyən hüquqi normalardan sui-istifadəni dayandırmağı, Çin şirkətlərinə qarşı ədalətli və tərəfsiz münasibət göstərilməsini tələb edib.
Xatırladaq ki, Avropa Komissiyası iyulun 20-də Aİ-nin Rəqəmsal Xidmətlər haqqında Aktına (DSA) uyğun olaraq "AliExpress"ə 550 milyon avro cərimə kəsildiyini elan edib.

