Mamdani Netanyahunu həbs etmək səlahiyyətlərinin olmadığını bildirərək federal hökumətə çağırış etdi
Nyu-York meriyasına rəhbərlik edən Zohran Mamdani İsrail Baş naziri Binyamin Netanyahunun sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası üçün şəhərə gələcəyi təqdirdə onu həbs etmək üçün müstəqil hüquqi səlahiyyətlərinin olmadığını, lakin federal hökumətin bu addımı atmalı olduğunu vurğulayıb.
AFN.az xəbər verir ki, Mamdani "X" sosial şəbəkəsindəki hesabında paylaşdığı videoda Netanyahu haqqında Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən çıxarılan həbs qərarını icra etməyə çalışacaqları ilə bağlı əvvəlki bəyanatlarını dəyərləndirib.
Netanyahunun hərbi cinayətkar olduğunu və 73 mindən çox fələstinlinin həyatını itirdiyi soyqırımın müəllifi olduğunu vurğulayan Mamdani Qəzzada hədəf alınan uşaqları və xəstəxanaları, tətbiq edilən ərzaq blokadasını, qətlə yetirilən humanitar yardım işçilərini və jurnalistləri xatırladıb.
"Bütün bunlar yaşandığı halda insanları öldürən bombaların pulu amerikalıların cibindən çıxır" ifadəsini işlədən Mamdani Netanyahunun törətdiyi dağıntıların dərk edilməsinin və onun məhkəmə qarşısına çıxarılmasının vacibliyini bildirib.
Netanyahunun Nyu-Yorka gələcəyi təqdirdə BCM-in həbs qərarını icra edib-edə bilməyəcəkləri ilə bağlı bütün hüquqi yolları araşdırdıqlarını vurğulayan Mamdani bu qərarı tətbiq etmək üçün müstəqil hüquqi səlahiyyətlərinin olmadığını, lakin federal hökumətin belə bir imkana sahib olduğunu qeyd edərək onları BCM-ə qoşulmağa və qərarı icra etməyə çağırıb.
Nyu-York meriyasının rəhbəri Netanyahunun və digər bütün hərbi cinayətkarların Nyu-Yorkda yeri olmadığını diqqətə çatdırıb.
Qeyd edək ki, Mamdani daha əvvəl Netanyahunun yerinin Haaqa olduğunu və Nyu-York şəhər qanunlarının verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edəcəklərini bəyan etmişdi.
Netanyahu isə bu sözlərinə görə Mamdanini Yaxın Şərqdəki yeganə demokratiya olan yəhudi dövlətinin liderinə hücum etməkdə təqsirləndirmiş, BCM-in ABŞ və İsrail vətəndaşları üzərində heç bir məhkəmə yurisdiksiyasının olmadığını iddia etmişdi.
Xatırladaq ki, BCM 21 noyabr 2024-cü ildə Qəzzada törədilən hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlərə görə Netanyahu və keçmiş Müdafiə naziri Yoav Qallant haqqında həbs qərarı çıxarıb.

