Qazaxıstanda Qurultay üçün 546 namizəd mübarizə aparacaq



Qazaxıstanda konstitusiya dəyişikliyi ilə həyata keçirilən birpalatalı parlament sistemi çərçivəsində yaradılan 145 mandatlı yeni parlament olan Qurultay üçün avqustun 23-də keçiriləcək seçkilərdə 7 siyasi partiyadan 546 namizəd mübarizə aparacaq.

AFN.az xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasından avqustun 23-də keçiriləcək Qurultay deputat seçkiləri çərçivəsində namizəd irəli sürülməsi prosesinin başa çatmasından sonra seçki təqvimi ilə bağlı son məlumatlar paylaşılıb.

Komissiya sədri Nurlan Abdirovun sədrliyi ilə Astanada keçirilən toplantıya beynəlxalq müşahidəçilər, siyasi partiya nümayəndələri, Baş Prokurorluq, eləcə də Xarici İşlər, Maliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri, media mənsubları və əlil şəxslərin seçki hüquqlarının qorunmasına dair işçi qruplarının nümayəndələri qatılıblar.

Toplantıya həmçinin ölkə daxilindəki regional seçki komissiyalarının sədrləri və üzvləri videokonfrans vasitəsilə qoşulublar.

Toplantıda açıqlanan məlumatlara görə, 145 mandatlı yeni parlament üçün seçkilərdə iştirak etmək məqsədilə 7 siyasi partiya müraciət edərkən, partiya siyahılarında cəmi 546 namizəd yer alıb.

Partiyalara görə namizəd bölgüsü Adilet partiyasından 186, Respublika partiyasından 76, Qazaxıstan Xalq Partiyasından 72, Auyl partiyasından 69, Ak Jol Demokratik Partiyasından 63, Baytaq partiyasından 47 və Milli Sosial Demokrat Partiyasından 33 nəfər şəklində olub.

Komissiya sədri Abdirov partiya siyahılarında qadınlar, gənclər və əlillər üçün nəzərdə tutulan azı 30 faizlik kvotaya riayət olunduğunu bildirərək, namizəd siyahılarında yer alan şəxslərin qanuni şərtləri daşıyıb-daşımadığının müvafiq dövlət qurumları tərəfindən araşdırıldığını söyləyib.

Deputatlığa namizədlik müraciətlərinin iyulun 13-də başa çatdığını xatırladan Abdirov partiya siyahılarının qeydiyyat prosesinin isə sabah saat 18:00-a qədər davam edəcəyini qeyd edib.

Seçki təqviminə əsasən, təbliğat-təşviqat kampaniyası iyulun 23-dən 24-ə keçən gecə başlayacaq və avqustun 22-si saat 00:00-da başa çatacaq.

Seçkidən bir gün əvvəl – avqustun 22-də sükut günü tətbiq olunacaq, seçicilər isə avqustun 23-də səsvermə üçün seçki məntəqələrinə gedəcəklər.

Konstitusiya dəyişikliyi çərçivəsində yaradılan Qurultay ölkənin qanunvericilik səlahiyyətlərini həyata keçirəcək birpalatalı parlament kimi fəaliyyət göstərəcək.

Ümumilikdə 145 deputatdan ibarət olacaq Qurultay üzvləri partiya siyahıları əsasında 5 il müddətinə seçiləcək.

Qurultay deputatlığa namizəd olmaq üçün Qazaxıstan vətəndaşı olmaq, 25 yaşını tamamlamaq və son 10 ildə ölkədə fasiləsiz yaşamaq şərtləri tələb olunur.

Siyasi partiyalar isə namizəd siyahılarındakı sıralamanı öz qaydalarına uyğun olaraq müəyyənləşdirəcəklər.

Qazaxıstanda Məclis və Senatdan ibarət ikipalatalı parlament sistemi martın 15-də keçirilən konstitusiya referendumundan sonra ləğv edilmişdi.

Referendumun nəticəsində 145 mandatdan ibarət olan və Qurultay adını daşıyan birpalatalı yeni qanunvericilik orqanının yaradılması qəbul edilmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu