İordaniya: İrandan atılan 4 raket zərərsizləşdirilib, 2-si boş əraziyə düşüb
İordaniya İrandan buraxılan 6 raketdən 4-nün zərərsizləşdirildiyini, 2-sinin isə boş əraziyə düşdüyünü bəyan edib.
AFN.az xəbər verir ki, İordaniyanın rəsmi PETRA agentliyinin məlumatına görə, ölkənin hava hücumundan müdafiə sistemləri İrandan İordaniya ərazisinə atılan 6 raketi müəyyən edərək onlara qarşı tədbir görüb.
İrandan buraxılan raketlərdən 4-nün zərərsizləşdirildiyi, 2-sinin isə boş sahəyə düşdüyü, hər hansı itki və ya dağıntıya səbəb olmadığı bildirilib.
İstehkam birləşmələrinin iki raketin düşdüyü əraziyə baxış keçirərək texniki və təhlükəsizlik qaydalarına uyğun olaraq raket qalıqları ilə bağlı zəruri işləri apardığı qeyd olunub.
İordaniyanın cənubunda yerləşən Əqəbə şəhərində İrandan atılan raketlər səbəbindən partlayış səslərinin eşidildiyi və həyəcan siqnallarının çalındığı diqqətə çatdırılıb.
İsrail mətbuatı isə İrandan İordaniyaya doğru atılan raketlər səbəbilə hava hücumundan müdafiə sistemlərinin işə düşməsindən sonra İsrailin cənubundakı Eylat şəhərində partlayış səslərinin eşidildiyini yazıb.
