Rusiyanın cənubundakı "Wildberries" logistika mərkəzlərinə PUA hücumu təşkil edilib
Rusiyanın cənubundakı Krasnodar və Nevinnomıssk şəhərlərində "Wildberries" elektron ticarət platformasına aid logistika mərkəzlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar nəticəsində 10 nəfərin yaralandığı bildirilib.
AFN.az xəbər verir ki, "Wildberries" şirkətinin təsisçisi və baş icraçı direktoru Tatyana Kim yaydığı bəyanatda gecə saatlarında ölkənin Krasnodar və Nevinnomıssk şəhərlərindəki iki logistika mərkəzinin hücuma məruz qaldığını qeyd edib.
Əməkdaşların sürətlə təxliyə edildiyini bildirən Kim ilk məlumatlara görə yaralananların olduğunu və onlara zəruri dəstəyin göstəriləcəyini diqqətə çatdırıb.
Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev də regionun gecə saatlarında intensiv PUA hücumuna məruz qaldığını, Krasnodardakı "Wildberries" logistika mərkəzində 10 nəfərin yaralandığını açıqlayıb.
Kondratyev yaralılardan 3-nün vəziyyətinin ağır olduğunu və xəstəxanaya yerləşdirildiklərini bildirib.
Logistika mərkəzində hücumun törətdiyi fəsadların aradan qaldırılması və yanğının söndürülməsi üçün işlərin davam etdiyini qeyd edən qubernator Armavir şəhərində PUA qalıqlarının bir müəssisənin ərazisinə düşməsi nəticəsində bir işçinin həyatını itirdiyi məlumatını paylaşıb.
Kondratyev PUA qalıqlarının Krasnodarda iki yaşayış binasına, Dinskaya yaşayış məntəqəsində isə iki evə dəydiyini bildirib.
Qeyd edək ki, "Wildberries" Rusiyanın ən böyük elektron ticarət platformaları arasında yer alır və son günlərdə şirkətə aid müxtəlif logistika mərkəzlərinə PUA hücumları təşkil olunub.


