Neft qiymətləri 96 dollara yaxınlaşıb



"Brent" markalı neftin bir barelinin qiyməti ABŞ ilə İran arasında kəskinləşən münaqişələrin qlobal neft təchizatını axsadacağı ilə bağlı narahatlıqlar və neft daşınmasına dair risklərin artması fonunda 95 dolları keçib.

AFN.az xəbər verir ki, dünən günü 91,01 dollarla başa vuran "Brent" markalı neftin fyuçersləri bu gün saat 13:52-yə olan məlumata əsasən qapanışa nisbətən təxminən 4,86 faiz artaraq 95,43 dollara çatıb.

Eyni dəqiqələrdə "West Texas Intermediate" (WTI) markalı xam neftin bareli 88,57 dollardan alıcı tapıb.

Bununla da neft qiymətləri iyunun 11-dən bəri ən yüksək həddə çatıb.

ABŞ İranın Hörmüz boğazında ticarət gəmilərini təhdid etmək imkanlarını zəiflətməyə yönəlmiş zərbələr dalğasını davam etdirərkən, İran da Körfəzdəki ABŞ bazalarına qarşı cavab tədbirlərini sürdürür.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsindəki hesabında yaydığı açıqlamada İranın Hörmüz boğazındakı ticarət gəmilərinə təhlükə yaratmaq qabiliyyətini zəiflətmək məqsədilə 11-ci hücum dalğasını tamamladığını bəyan edib.

İran ordusu da ABŞ-nin İran ərazisinə endirdiyi zərbələrə cavab olaraq Küveytin qərbindəki Əd-Doha hərbi bazasında yerləşən ABŞ Quru Qoşunları Komandanlığına aid sursat anbarları və logistik avadanlıqların, eləcə də İordaniyadakı Muvaffaq Salti Hərbi Hava Bazasında yerləşən ABŞ qüvvələrinə aid bəzi binalar və sursat anbarlarının pilotsuz uçuş aparatları ilə hədəf alındığını bildirib.

"Fars" xəbər agentliyinin dərc etdiyi Buşehr Valiliyinin açıqlamasında isə ABŞ ordusuna məxsus raketlərin gecə saatlarında İranın Buşehr Nüvə Elektrik Stansiyası yaxınlığındakı yarımstansiyanı vurduğu qeyd olunub.

ABŞ ilə İran arasında dərinləşən qarşıdurmanın Hörmüz boğazı vasitəsilə neft nəqlini dayandıra biləcəyi narahatlığı davam edərkən, Yəməndəki İran yönümlü husilərin Səudiyyə Ərəbistanına tətbiq etdiyi dəniz blokadasından sonra Bab əl-Məndəb boğazındakı təhlükəsizlik risklərinin artması da qiymətlərin yüksəlməsinə təkan verir.

Husilərə bağlı SABA xəbər agentliyinin dünən yaydığı məlumatda Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası çərçivəsində edilən xəbərdarlıqlardan sonra son 24 saat ərzində 6 gəminin marşrutunu dəyişərək geri qayıtdığı bildirilib.

Husilərin hərbi sözçüsü Yəhya Səri iyulun 20-də verdiyi bəyanatda Səudiyyə Ərəbistanını təxminən 12 ildir Yəmənə blokada tətbiq etməkdə təqsirləndirərək buna qarşı blokada ilə cavab verəcəklərini elan etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu