Brent neftinin qiyməti 80 dolları keçdi



Brent markalı xam neftin qiyməti ABŞ-nin İrana qarşı kamikadze tipli insansız dəniz aparatları (İDA) ilə həyata keçirdiyi hücumlardan sonra bazarlarda yaranan risklər səbəbindən 80 dollar həddini aşıb.

AFN.az xəbər verir ki, dünən 79,44 dollara qədər bahalaşan Brent neftinin bir barelinin qiyməti günü 76,01 dollar səviyyəsində başa vurmuşdu.

Fyuçers bazarlarında Brent neftinin barel qiyməti bu gün saat 20:59 radələrində əvvəlki bağlama vaxtı ilə müqayisədə təxminən 6,1 faiz artaraq 80,65 dollara yüksəlib. Eyni saatda "West Texas Intermediate" (WTI) markalı xam neftin bir bareli 75,69 dollardan təklif olunub.

Qiymətlərin kəskin bahalaşmasına ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrana aid sualtı qayıq və gəmi təmiri obyektini hədəf alan zərbələrinin bazarlarda yaratdığı narahatlıq təsir edib. CENTCOM-dan verilən bəyanatda ABŞ-nin dənizdə ilk dəfə hücum məqsədli kamikadze İDA-lardan istifadə edərək İranın hərbi dəniz infrastrukturlarından birini vurduğu bildirilib.

ABŞ-nin İrana qarşı dünən səhər saatlarında başlayan və gecə də davam edən əməliyyatlarından sonra İran da səhər saatlarında Fars körfəzi ölkələrindən Küveyt, Bəhreyn və İordaniyanı hədəf alıb.

ABŞ Prezidenti Donald Tramp gün ərzində sosial şəbəkə hesabında etdiyi paylaşımda "Hörmüz boğazı açıqdır və İranın olub-olmamasından asılı olmayaraq açıq qalacaq" ifadəsini işlədib.

Yalnız İran gəmilərinin və bu ölkənin adından fəaliyyət göstərən tərəflərin boğaza giriş-çıxışını blokladıqlarını vurğulayan Tramp bu addımın "İran blokadası" adı altında qüvvəyə mindiyini qeyd edib.

İran Silahlı Qüvvələrinin müharibəni idarə edən qolu olan Xatəmül-Ənbiya Mərkəzi Qərargahı isə ABŞ-nin Hörmüz boğazına müdaxilə etməsinə heç bir halda icazə verməyəcəklərini bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu