On Avropa ölkəsi Anti-Ballistik Raket Koalisiyası qurduqlarını elan etdi
Fransa və Ukraynanın da aralarında olduğu 10 Avropa ölkəsi ballistik raketlərin yaratdığı artan təhdidə qarşı Anti-Ballistik Raket Koalisiyası təsis etdiklərini bəyan edib.
AFN.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə ölkə Prezidenti Emmanuel Makronun ev sahibliyi ilə Anti-Ballistik Raket Koalisiyasının iclası keçirilib.
Görüşdən sonra Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, İspaniya, İsveç, Ukrayna və Böyük Britaniya liderləri birgə yazılı bəyanat yayıblar.
Bəyanatda sözügedən ölkələrin rəhbərlərinin ballistik raketlərin təhdidini və Avropa qitəsi üçün müdafiə imkanlarının yüksəldilməsinin artan əhəmiyyətini dərk etdikləri qeyd olunub.
Ballistik raketlərə qarşı yalnız müdafiə məqsədli koalisiyanın qurulmasının elan edildiyi sənəddə anti-ballistik imkanları inkişaf etdirmək üçün yorulmadan çalışmağı hədəfləyən əsas layihəyə tam dəstək ifadə olunub.
Açıqlamada Avropanın mühafizəsi üçün hərtərəfli və inteqrasiya olunmuş anti-ballistik raket müdafiəsinin vacibliyi vurğulanıb, bu çərçivədə gələcəkdə ehtimal edilən raket təhlükələrinin qarşısının alınmasının hədəfləndiyi bildirilib.
Bu anti-ballistik həllin Avropada mövcud olan müdafiə sistemlərini tamamlayacağına diqqət çəkilən bəyanatda ölkələrin müdafiə sənayesi, tədqiqat imkanları və əməliyyat təcrübələrini birləşdirərək ortaq Avropa potensialı inşa etməyi məqsəd qoyduqları qeyd edilib.
Sənəddə koalisiyanın beynəlxalq öhdəliklərə və hüquqi çərçivəyə uyğun olaraq ilk əməliyyat qabiliyyəti üçün yol xəritəsi hazırlayacağı öhdəliyi götürülüb.
Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, İspaniya, İsveç, Ukrayna və Böyük Britaniyanın koalisiyanın təsisçi ölkələri olduğu bildirilən bəyanatda eyni məqsədi bölüşən digər dövlətlərin də bu birliyə qoşulması üçün qapıların açıq olduğu vurğulanıb.


