Böyük Britaniyada yüksək temperatur iki ayda 2700-dən çox insanın ölümünə səbəb oldu



Böyük Britaniyada may və iyun aylarında müşahidə olunan anomali istilərin 2700-dən çox insanın həyatına son qoyduğu təxmin edilir.

AFN.az xəbər verir ki, Beynəlxalq Alimlər Qrupunun "World Weather Attribution" (WWA) platforması çərçivəsində "Imperial College London", Britaniya Meteorologiya Xidməti ("Met Office") və London Gigiyena və Tropik Təbabət Məktəbinin tədqiqatçıları İngiltərə və Uelsdə may-iyun aylarında qeydə alınan rekord istilərin insan ölümünə təsirini təhlil ediblər.

Tədqiqata əsasən, may ayında 550 nəfərin vəfatı həddindən artıq istilərlə əlaqələndirilib. Həmin ayda temperatur ən yüksək həddə — 35,1 dərəcəyə çataraq may ayı üçün rekord göstərici olub.

İyunun ikinci yarısında baş verən isti hava dalğası nəticəsində isə 2200 nəfərin öldüyü ehtimal edilir.

Keçən ay yaşanan bürkü səbəbindən "Met Office" üst-üstə azı üç dəfə qırmızı xəbərdarlıq səviyyəsi elan etmiş və istilərin sağlamlığa vuracağı zərərlər barədə xəbərdarlıq etmişdi.

Beləliklə, İngiltərə və Uelsdə may və iyun aylarındakı anomali istilərin ümumilikdə 2700-dən çox insanın ölümünə yol açdığı qeyd olunur.

İyun 2026-cı il Böyük Britaniya tarixində ən isti iyun ayı kimi qeydə alınıb və bəzi bölgələrdə termometrlər 36 dərəcədən yuxarını göstərib.

Qərbi Avropanın ən şiddətli istilərlə üzləşdiyi iyun ayında Almaniyada təxminən 5500, Fransada 2 min, Belçikada isə 1200 nəfərin vəfatı yüksək temperaturlarla əlaqələndirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu