Belçikada istilər 2000-ci ildən bəri rekord ölüm sayına səbəb olub
İyun ayında Belçikada müşahidə olunan bürkü və anomal isti hava şəraiti ölkədə ölüm hallarının kəskin artmasına səbəb olub.
AFN.az “AFP”yə istinadən xəbər verir ki, bu barədə agentlik ölkənin səhiyyə qurumlarının hesabatına əsasən məlumat yayıb.
"Sciensano" İctimai Səhiyyə İnstitutunun hesabatına görə, cari ilin iyun ayındakı göstəricilər statistikası aparılmağa başlandığı 2000-ci ildən bəri qeydə alınan ən yüksək artıq ölüm göstəricisi olub. Məlumata görə, 18 iyun – 1 iyul tarixləri arasında ölkədə gözlənilən orta səviyyədən 1 747 nəfər daha çox ölüm halı qeydə alınıb. Halbuki, ilkin rəsmi proqnozlar 18-29 iyun aralığında bu rəqəmin 1 222 olacağını göstərirdi. Beləliklə, artıq ölüm faizi 47% təşkil edib.
Qeyd edək ki, Belçikada iyun ayı üçün rəsmi mütləq temperatur rekordu yenilənməsə də, paytaxt Brüsseldə bir neçə gün ardıcıl olaraq termometrlər 35 dərəcəni, ölkənin bəzi bölgələrində isə 38-40 dərəcə istini göstərib. İsti hava dalğası səbəbindən Brüsselin məşhur rəmzi hesab olunan "Atomium" monumenti belə daxili temperaturun həddindən ziyadə yüksəlməsi səbəbindən iş saatlarını qısaltmaq məcburiyyətində qalıb.
Səhiyyə rəsmiləri xəbərdarlıq edir ki, şənbə günündən etibarən ölkəyə yeni isti hava kütləsi daxil olacak və temperatur ardıcıl beş gün ərzində 30 dərəcədən yuxarı qalacaq.


