ABŞ-ın İrana qarşı bölgədəki qoşunlarının yerləşdirilmə müddətini “səssizcə uzatdığı” iddia edildi
ABŞ-ın müdafiə naziri Pit Heqsetin İrana qarşı bölgədə yerləşdirilən ABŞ hərbçilərinin xidmət müddətini uzatdığı iddia edilib.
AFN.az xəbər verir ki, Wall Street Journal-a (WSJ) danışan məsələdən xəbərdar mənbələr nazir Heqsetin Hörmüz boğazı ətrafında “hərbi yerləşdirmələrin müddətini səssizcə uzatdığını” iddia ediblər.
Mənbələr Heqsetin bu addımının ABŞ Prezidenti Donald Trampın İrana qarşı seçimlərini artırmaq üçün ortaya qoyduğu hərbi strategiyanın bir hissəsi olduğunu, lakin bu vəziyyətin hərbçilər və onların ailələri üzərində təzyiq yaratdığını bildiriblər.
Qəzetin xəbərində “Məsələ ilə bağlı məlumatı olan şəxslərə görə, münaqişə uzandıqca Pentaqonun (Müdafiə Nazirliyi) yerləşdirmə planları da uzanır. Döyüş gəmilərinin heyətləri, hava hücumundan müdafiə bölmələri və desant qüvvələri də daxil olmaqla bir çox qüvvəyə bölgədə gözləniləndən daha uzun müddət qalmaq əmri verilir” ifadələrinə yer verilib.
Xəbərdə həmçinin ABŞ-li komandirlərin hərbçilərin ailələrinə göndərdiyi məktubun araşdırıldığı və Pentaqonun 82-ci Hava Desant Diviziyasının bölmələrini 2027-ci ilə qədər Yaxın Şərqdə saxlaya biləcəyi qənaətinə gəlindiyi bildirilib.
Sözügedən mənbələrdən biri isə ABŞ ordusunun İranın raketlərini və pilotsuz uçuş aparatlarını dəf etmək üçün “güclü təzyiq altında çalışdığını” və ordunun hava hücumundan müdafiə bölmələrinin standart yerləşdirilmə müddətinin 9 aydan 12 aya qədər artırıldığını iddia edib.
ABŞ təxminən 6 ay əvvəl İrana qarşı hücuma başladığı zaman müdafiə naziri Pit Heqset uzunmüddətli münaqişədən qaçmaq üçün İrana “sürətli və qətiyyətli zərbə endirmə” vədi vermişdi.
ABŞ mətbuatında Pentaqonun bölgədə 50 min nəfərlik hərbi qüvvə saxladığı və hazırda Yaxın Şərq sularında iki təyyarədaşıyan gəmi və 13 idarəolunan raket esminesi də daxil olmaqla 19 hərbi gəminin yerləşdiyi barədə məlumatlar yer alır.
