Qərbi Avropa müşahidələr tarixinin ən isti iyun ayını yaşadı
Qərbi Avropada rekord səviyyədəki isti hava dalğalarının təsiri ilə müşahidələr tarixinin ən isti iyun ayı yaşandığı halda, keçən ay dünyada da qeydə alınan ən isti ikinci iyun ayı olub.
AFN.az xəbər verir ki, Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) nəzdindəki Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) təhlilinə əsasən, qlobal quru səthinin temperaturu iyunda 16,54 dərəcə olmaqla 1991-2020-ci illərin ortalamasından 0,56 dərəcə yüksək reallaşıb.
Keçən aykı temperatur sənayedən əvvəlki dövrün – 1850-1900-cü illərin ortalaması ilə müqayisədə 1,39 dərəcə yüksək olub.
Bununla da 2026-cı ilin iyun ayı dünyada qeydə alınan ən isti ikinci iyun ayı kimi tarixə düşüb. Ən isti iyun ayı isə 2024-cü ildə qeydə alınmışdı.
2026-cı ilin iyun ayı qlobal dəniz səthinin temperaturu baxımından da rekord səviyyələrin görüldüyü ay olub. Qlobal dəniz səthinin temperaturu 20,86 dərəcə ilə müşahidələr tarixinin ən yüksək səviyyəsinə çatıb.
Avropada isə temperaturlar rekord həddə seyr edib. 2026-cı ilin iyun ayında ortalama quru temperaturu 19,14 dərəcə təşkil edib. Bu göstərici 1991-2020-ci illərin iyun ayı ortalamasından 1,78 dərəcə yüksək qeydə alınıb.
2026-cı ilin iyun ayı bütün Avropa üçün müşahidələr tarixinin ən isti ikinci iyun ayı olub.
Rekord isti hava dalğasının təsiri altında qalan Qərbi Avropada isə müşahidələr tarixinin ən isti iyun ayı yaşanıb. Qərbi Avropada ortalama quru səthinin temperaturu 20,74 dərəcə olmaqla 1991-2020-ci illərin iyun ayı ortalamasından 3,05 dərəcə yüksək reallaşıb.
Beləliklə, Qərbi Avropada 2025-ci ilin iyun ayında qeydə alınan temperatur rekordu keçən ay yenilənib.
ECMWF nəzdindəki C3S İqlim Strateji Lideri Samanta Berces 2026-cı ilin iyun ayındakı temperaturların iqlimin köklü şəkildə dəyişdiyini göstərdiyini bildirərək, Qərbi Avropanın müşahidələr tarixinin ən isti iyun ayını yaşadığını, dünyadakı okeanlarda da rekord dərəcədə yüksək temperaturların davam etdiyini vurğulayıb.
O, bu rekordların iqlim sisteminin istilik toplamağa davam etdiyini göstərdiyini, bunun nəticəsində daha şiddətli isti hava dalğalarının, davamlı olaraq isti qalan okeanların və başda Avropa olmaqla dünyanın bir çox bölgəsində insanlar, ekosistemlər və infrastrukturlar üçün tədricən artan risklərin ortaya çıxdığını ifadə edib.


