İran iqtisadiyyat naziri: ABŞ-ın yeni sanksiyalarına qarşı tam hazırlıqlıyıq



İranın iqtisadiyyat və maliyyə naziri Əli Mədəni-Zadə ABŞ maliyyə naziri Skott Bessentin son açıqlamalarına reaksiya verərək, İran hökumətinin ABŞ-ın iqtisadi sanksiyalarına qarşı hazırlıqlı olduğunu bildirib.

AFN.az xəbər verir ki, Mədəni-Zadə hökumətin ölkənin iqtisadi məsələləri ilə bağlı ikiillik plan hazırladığını və mövcud hadisələr də daxil olmaqla bütün ssenarilərin bu plan çərçivəsində nəzərdən keçirildiyini deyib.

Mədəni-Zadə bildirib ki, hökumət ABŞ sanksiyalarına qarşı mübarizə aparmaq üçün uzun müddətdir planlaşdırma işləri aparır və yeni sanksiyalara qarşı da tam hazırlıqlıdır.

İran hökumətinin uzun müddətdir bu şərtlərə hazırlaşdığını bildirən Mədəni-Zadə düşmənlərin müxtəlif dövrlərdə İran xalqının və rəhbərlərinin qətiyyətini sınamağa çalışdığını söyləyib.

Müharibənin İran iqtisadiyyatına zərər vurduğunu qəbul edən Mədəni-Zadə polad və neft-kimya sektorlarının hücumlardan təsirləndiyini qeyd edib.

Mədəni-Zadə zərər görmüş müəssisələrin qısa müddətdə yenidən fəaliyyətə başlaması üçün işlərin aparıldığını, yenidənqurma prosesinin başladıldığını və bazarda yaranan çatışmazlıqların aradan qaldırılmasına çalışıldığını bildirib.

Dəniz blokadasını da hərbi müharibənin bir hissəsi kimi qiymətləndirən Mədəni-Zadə bunun İran xalqına qarşı başqa bir sanksiya olduğunu bildirib.

Birqütblü dünya nizamının sona çatdığını qeyd edən Mədəni-Zadə sanksiyaların İran üçün yeni olmadığını vurğulayıb. O, qlobal maliyyə axınının ABŞ-ın İranın iqtisadi və ticarət kanallarını tamamilə kəsə biləcəyi bir strukturda olmadığını söyləyib.

Mədəni-Zadə hökumətin xalqın yaşadığı çətinliklərdən xəbərdar olduğunu bildirərək “İnflyasiyanın, valyuta təzyiqinin və qıtlığın nə demək olduğunu bilirik. Hökumətin bütün səyləri düşmənin ölkənin maliyyə və iqtisadi axınını dayandırmağa yönəlmiş cəhdlərinin qarşısını almaq olub” deyib.

İqtisadiyyat naziri Mədəni-Zadə hökumətin iqtisadi təzyiqlərə qarşı planlarını əvvəlcədən hazırladığını və bununla bağlı lazımi müzakirələrin aparıldığını qeyd edib.

ABŞ maliyyə nazirinin ABŞ prezidentinin yeni sanksiyalara dəstək vermələri üçün digər ölkələrin liderləri ilə görüşdüyünə dair açıqlamasını dəyərləndirən Mədəni-Zadə iqtisadi kanalların bir və ya iki görüşlə hədəflənən şəkildə kəsilə biləcək strukturda olmadığını ifadə edib.

ABŞ-ın daha əvvəl İranın dəniz yollarını məhdudlaşdırmağa çalışdığı hallarda alternativ marşrutlara yönəldiklərini bildirən Mədəni-Zadə neft ixracının dayandırılması və ya ölkədə büdcə kəsirinin yaradılması cəhdlərinə qarşı da müxtəlif tədbirlər gördüklərini vurğulayıb.

Pul və valyuta bazarlarında da təzyiq göstərildiyini və bunun bəzi vətəndaşları psixoloji və spekulyativ hərəkətlərə sövq edə biləcəyini bildirən Mədəni-Zadə bunun ABŞ-ın hədəflədiyi nəticəyə çatacağı anlamına gəlmədiyini qeyd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu