Vəhşi təbiət parkında tunel çökdü: Bir neçə surikat tələf oldu
İngiltərənin Lesterşir bölgəsində yerləşən Tropical Birdland vəhşi təbiət parkında torpaq altında qalan çox sayda surikat ölüb.
AFN.az xəbər verir ki, park əməkdaşları tunelin çökməsi nəticəsində yer altında qalan surikatlardan yalnız birini xilas edə biliblər.
Sosial media vasitəsilə yayılan açıqlamada qrupun lideri “Big Mama” adlı surikatın yeni doğulacaq balaları üçün komandası ilə birlikdə yer altında tunellər və yeni bir otaq qazdığı bildirilib. Surikatların tunel qazmaqda son dərəcə təcrübəli olduğu qeyd edilib.
Uzun sürən isti hava dalğasından sonra qəfil başlayan güclü yağışın torpağın strukturunu pozaraq tunellərin çökməsinə səbəb olduğu bildirilib.
Qrupların yer altında olan surikatların yerini müəyyən etdiyi, lakin bir surikat istisna olmaqla qrupun digər üzvlərinin cansız bədənlərinə çatıldığı qeyd edilib.
Park rəhbərliyi sağ qalan yeganə surikatın vəziyyətinin yaxından izlənildiyini və nəzarət altında saxlanıldığını bildirib.

