Füzulidə fermer südü yerə tökərək etiraz etdi - VİDEO
Fermerlər istehsal etdikləri südün dəyərindən aşağı qiymətə alınmasından narazılıq edirlər.
AFN.az xəbər verir ki, Füzuli rayonunda fəaliyyət göstərən təsərrüfat sahiblərindən biri, Emin Həsənli də bu problemdən şikayətçidir.
Fermerin sözlərinə görə, 3 litr süd üçün cəmi 45 qəpik ödənilir. Bu isə bir litr südün 15 qəpiyə alındığı anlamına gəlir. E.Həsənli bildirir ki, mövcud qiymət heyvandarlıq təsərrüfatlarının xərclərini qarşılamaq üçün kifayət etmir.
O qeyd edib ki, yem, heyvanların saxlanılması, baytarlıq xidmətləri və digər xərclərin bahalaşmasına baxmayaraq, südün alış qiyməti aşağı olaraq qalır. Bu vəziyyət fermerlərin gəlir əldə etməsini çətinləşdirir.
Təsərrüfat sahibi məhsulu bu qiymətə satmaqdansa, etiraz olaraq südü yerə tökməyi məqbul sayıb və bunu videoya çəkərək ictimailəşdirib.
O hesab edir ki, südün alış qiyməti onun istehsalına çəkilən xərclər nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Əks halda, südçülüklə məşğul olan təsərrüfatların fəaliyyətini davam etdirməsi çətinləşə bilər.
Fermerlər hesab edirlər ki, problemin həlli üçün südün alış qiymətinə yenidən baxılmalı və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülməlidir. Onların fikrincə, əks halda heyvandarlıq təsərrüfatlarının sayının azalması və yerli süd istehsalının zəifləməsi riski yarana bilər. "Mən heyvandarlıqla məşğulam, aparıb Bakıda süd sata bilmərəm. Bu işə bir əncam çəkilməlidir" – deyə E.Həsənli vurğulayıb.



