AB Komissiyası İsrailin E1 məskunlaşma layihəsinə qarşı birgə bəyanata qoşuldu
Avropa İttifaqı Komissiyası İsrail hökumətinin Şərqi Qüdsdə E1 məskunlaşma layihəsi üçün tikinti tenderləri elan etmək qərarına qarşı çıxan ölkələrin birgə bəyanatına qoşulub.
AFN.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayen X platformasındakı hesabında İsrail hökumətinin E1 məskunlaşma layihəsi üçün tikinti tenderləri elan etmək qərarının qəbuledilməz olduğunu bildirib.
AB-nin sözügedən addıma uzun müddətdir qarşı çıxdığını vurğulayan fon der Lyayen E1 layihəsinin İordan çayının qərb sahilini bölərək Fələstin torpaqlarının coğrafi davamlılığını pozacağını və iki dövlətli həlli zəiflədəcəyini ifadə edib.
Fon der Lyayen “İki dövlətli həllə əsaslanan ədalətli və davamlı sülhə bağlılığımızı davam etdiririk”, - mesajını paylaşıb.
İngiltərə, Fransa, Almaniya, İtaliya, Niderland, Kanada və Norveçin avqustun 20-də yayımladığı birgə bəyanatın imzaçı ölkələrinin sayı artıb.
Avstraliya, Yeni Zelandiya, İsveç və Belçikadan sonra Avstriya və İspaniya da bəyanata qoşulub. Bu gün isə AB Komissiyası və Yunanıstan imzaçılar sırasına əlavə olunub.
Birgə bəyanatda İsrail hökumətinin E1 məskunlaşma layihəsi çərçivəsində tikinti tenderləri elan etmək qərarı qəbuledilməz kimi qiymətləndirilib.
Bəyanatda E1 layihəsinin İordan çayının qərb sahilini bölərək Fələstin torpaqlarının coğrafi bütövlüyünə zərər verəcəyi və iki dövlətli həll imkanını zəiflədəcəyi bildirilib, beynəlxalq ictimaiyyətin sözügedən məskunlaşmanın genişləndirilməsinə uzun müddətdir qarşı çıxdığı vurğulanıb.
Bəyanatda İordan çayının qərb sahilindəki İsrail məskənlərinin beynəlxalq hüquqa zidd olduğu xatırladılaraq, İsrail hökumətinə planları dərhal geri çəkmək və İordan çayının qərb sahilində məskənlərin genişləndirilməsinə son qoymaq çağırışı edilib.

