Azərbaycanın hava nəqliyyatı şəbəkəsi genişləndiriləcək
Nəqliyyat infrastrukturunun turizmin inkişafındakı rolunun artırılması məqsədilə Azərbaycanda hava nəqliyyatı imkanlarının genişləndirilməsi planlaşdırılır. Bununla yanaşı, yeni uçuş istiqamətlərinin açılması, mövcud marşrutlar üzrə reyslərin sayının artırılması və aviabiletlərin daha əlçatan olması üçün təşviq mexanizmlərinin tətbiqi nəzərdə tutulur.
AFN.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında qeyd olunub.
Sənəddə hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi ilə yanaşı, artıq fəaliyyət göstərən istiqamətlər üzrə uçuş tezliyinin artırılması da prioritetlər sırasında yer alıb.
Dövlət Proqramında regional hava limanlarının imkanlarından daha səmərəli istifadə edilməsi və bu məqsədlə aviaşirkətlərin fəaliyyətinin stimullaşdırılması üçün müvafiq təşviq tədbirlərinin görülməsi də nəzərdə tutulur.
Tədbirlər Planına əsasən, Azərbaycanın xarici ölkələrlə birbaşa hava nəqliyyatı əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi və beynəlxalq uçuşların intensivliyinin artırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

