Media: 300-dən çox üsyançı Sudan ordusunun tərəfinə keçib
"Sürətli Reaksiya Qüvvələri" (SRQ) üsyançı hərəkatından 318 döyüşçüdən ibarət qrup Sudan ordusunun tərəfinə keçib.
AFN.az xəbər verir ki, bu barədə "Africanews" telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, qrupa general-mayor Musa Əli Əhməd rəhbərlik edir. Hərbçilər silah və digər hərbi ləvazimatla təxminən 50 döyüş maşınında Şimal ştatının Ed-Dabba şəhərinə gəliblər.
Əli Əhmədin sözlərinə görə, SRQ-dan ayrılma qərarı sıralarında institusional idarəetmənin olmaması səbəbindən qəbul edilib. O bildirib ki, bölməsi Sudanın vahidliyi və sabitliyi uğrunda ordunun tərəfində vuruşmağa hazırdır.
Keçən döyüşçüləri sərhəd qoşunlarının komandanı polkovnik Məhəmməd Saleh Yunis qarşılayıb. O, digər SRQ döyüşçülərini də silahlı qüvvələrə qoşulmağa çağırıb. SRQ bölmənin keçməsi ilə bağlı məlumatı şərh etməyib.
Qeyd edək ki, bu, son bir həftədə ikinci irimiqyaslı keçiddir.
Sudan ordusu ilə SRQ arasında silahlı münaqişə 2023-cü ilin aprelindən davam edir. BMT-nin məlumatına görə, döyüşlər nəticəsində ən azı 59 min nəfər həlak olub, 13 milyondan çox insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.



