İspaniyanın cənubunda zəlzələ: Turistlər üçün mühüm mərkəz bağlandı



İspaniyanın cənubundakı Qranada vilayətində baş verən üç yeni zəlzələ binalarda ziyana səbəb olub.

AFN.az xəbər verir ki, aralarında Əl-Həmra Sarayı kompleksinin də olduğu bəzi muzey və idman obyektləri ehtiyat tədbiri olaraq bağlanıb, turist səfərlərinə məhdudiyyət qoyulub.

Milli Coğrafiya İnstitutu (IGN) çərşənbə axşamı qeydə alınan zəlzələlərin hər birinin 4,0 baldan yuxarı olduğunu açıqlayıb. Əndəlüs bölgəsinin fövqəladə hallar üzrə məsul şəxsi Antonio Sanz ən azı üç nəfərin yüngül xəsarət aldığını, yaralılardan bir uşağın xəstəxanaya yerləşdirildiyini bildirib.

Son təkanlar şənbə günü Qranada şəhərində baş verən 5,0 bal gücündə zəlzələdən sonra qeydə alınıb.

Şənbə günü baş verən zəlzələ zamanı tarixi tikilidə zərər yaranmadığı açıqlansa da, çərşənbə axşamı baş verən zəlzələlərdən sonra səlahiyyətli şəxslər İslam memarlığının ən mühüm əsərləri arasında yer alan Əl-Həmra Sarayı kompleksinin bəzi hissələrinə turistlərin girişini dayandırıb.

Qranada vilayət administrasiyasından verilən açıqlamada inzibati binaların, muzeylərin və idman obyektlərinin bağlandığı, əsas səhiyyə mərkəzlərinin isə fəaliyyətini davam etdirdiyi bildirilib.

Qranada metrosu ehtiyat tədbiri olaraq qatarların sürətini saatda 30 kilometrə endirib, şəhərdəki bəzi otellər isə təxliyə edilib.

Çərşənbə axşamı baş verən zəlzələlərin ən güclüsü Qranada şəhər mərkəzindən 10 kilometr cənubda yerləşən Qoxar qəsəbəsində qeydə alınıb.

4,7 bal gücündə olan bu təkanın yer səthinə yaxın dərinlikdə baş verdiyi və ətraf yaşayış məntəqələrində güclü hiss edildiyi bildirilib.

Qoxarda baş verən təkanın ardından bölgədə qısa fasilələrlə daha iki zəif zəlzələ qeydə alınıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu