Suriyada qaz nəql edən boru kəmərində partlayış baş verib
Suriya Neft Şirkəti (SPC) Cəbse Qaz Zavodundan qaz nəqlini təmin edən boru kəmərində baş verən partlayışın ilkin araşdırmalara görə təxribat nəticəsində meydana gəldiyini bildirib.
AFN.az xəbər verir ki, SPC-nin açıqlamasında Cəbse Qaz Zavodundan qaz nəqlini təmin edən boru kəmərində dünən səhər erkən saatlarda partlayış baş verdiyi qeyd olunub.
Partlayış səbəbindən boru kəmərində qaz axınının dayandığı bildirilən açıqlamada partlayışdan sonra quyuların təcrid edildiyi, təhlükəsizlik klapanlarının bağlandığı və ərazinin mühafizə altına alındığı qeyd edilib.
Komandaların hadisədən dərhal sonra təmir işlərinə başladığı və işlərin 24 saatlıq rejimdə davam etdiyi bildirilib.
Açıqlamada qaz axınının kəsilməsinin bəzi elektrik enerjisi istehsal edən turbinlərə yanacaq tədarükünə təsir etdiyi, yaranan çatışmazlığın mövcud alternativlərlə qarşılanması üçün Suriya Elektrik Şirkəti ilə koordinasiyanın təmin edildiyi bildirilib.
Hadisə zamanı işçilər arasında xəsarət alan olmadığı qeyd olunan açıqlamada boru xətti yenidən istismara verilənədək işlərin davam etdiriləcəyi bildirilib.
Açıqlamada həmçinin ilkin araşdırmalara görə partlayışın təxribat nəticəsində baş verdiyinin qiymətləndirildiyi, hadisə ilə bağlı istintaqın aidiyyəti qurumlarla koordinasiyalı şəkildə davam etdirildiyi və məsul şəxslərin tutulması üçün iş aparıldığı qeyd olunub.




