Harvard meyit qalıqlarının satılması işi üzrə 53 milyon dollar ödəyəcək



Harvard Universiteti tibb fakültəsinə bağışlanan cəsədlərin morq müdiri tərəfindən qanunsuz yollarla satılması ilə bağlı ailələrin açdığı məhkəmə işlərində 53 milyon dollar ödəməyə razılaşıb.

AFN.az xəbər verir ki, Bostonda məhkəməyə təqdim edilən barışıq sazişi keçmiş morq müdiri Sedrik Lodcun insan qalıqlarını oğurlayaraq qara bazarda satması ilə bağlı başladılan hüquqi prosesi başa çatdıracaq.

58 yaşlı Lodc 2018-2021-ci illər arasında meyitlərdən hissələr götürərək onları internet üzərindən satdığını etiraf etmişdi. Tibb fakültəsindən verilən açıqlamada məhkəmənin təsdiqindən sonra ailələr üçün milyonlarla dollarlıq təzminat fondu yaradılacağı bildirilib.

Lodc və Harvard Universiteti ilə rəsmi əlaqəsi olmayan altı cinayət ortağı 2025-ci ildə ittihamları qəbul edib. Prokurorlar Lodcun tibb fakültəsindəki anatomik ianə proqramının rəhbəri olmasından istifadə edərək tibb tədqiqatları üçün bağışlanan meyitləri parçaladığını açıqlayıblar.

Məhkəmə sənədlərinə görə, Lodc və həyat yoldaşı meyit hissələrini Pensilvaniya və Massaçusetsdəki alıcılara satıblar. Lodc ötən ilin dekabrında 8 il müddətinə azadlıqdan məhrum edilib, həyat yoldaşına isə bir il bir gün həbs cəzası verilib.

2023-cü ildə açılan məhkəmə işlərində ailələr universitetin sui-istifadə hallarına uzun müddət göz yumduğunu iddia ediblər. Ştat məhkəməsi işləri əvvəlcə rədd etsə də, Massaçusets Ali Məhkəməsi prosesi yenidən başladıb.

Tibb Fakültəsinin dekanı Corc Deyli və Tibb Təhsili dekanı Bernard Çanqın imzası ilə yayımlanan məktubda Lodcun əməllərinin əxlaqi baxımdan qəbuledilməz olduğu və universitetin standartlarına zidd olduğu bildirilib.

Fakültə 2027-2028-ci tədris ilindən etibarən donorların xatirəsinə tibb tələbələri üçün illik təqaüd fondu yaradacağını açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu