Avropanın su yolları quruyub - Peyk görüntüləri
Avropa qitəsini təsiri altına alan ardıcıl isti hava dalğaları və uzunmüddətli quraqlıq çoxsaylı çay yataqlarını quraq və qumlu ərazilərə çevirib.
AFN.az xəbər verir ki, qitənin ticarəti və kənd təsərrüfatı istehsalı üçün həyati əhəmiyyət daşıyan Reyn, Dunay və Po kimi böyük su yollarında suyun səviyyəsi tarixi minimum həddə enib.
Bu vəziyyət yükdaşımalarında ciddi fasilələrə səbəb olmaqla yanaşı, bəzi nüvə elektrik stansiyalarının reaktorlarını dayandırmaq məcburiyyətində qalmasına gətirib çıxarıb.
“Wall Street Journal” tərəfindən yayımlanan peyk görüntülərinin təhlili ötən ilin eyni dövrü ilə müqayisədə Avropa çaylarında su səviyyəsinin nə qədər sürətlə azaldığını ortaya qoyub.
Dunay çayında suyun səviyyəsinin həddindən artıq azalması Rumıniyanın yeganə nüvə elektrik stansiyasının soyutma suyu tələbatını qarşılaya bilməməsinə səbəb olub.
Rumıniyanın enerji tələbatının təxminən 20 faizini təmin edən Çernavoda Nüvə Elektrik Stansiyası avqustun ortalarında fəaliyyətini dayandırıb. Ordunun partlayıcılardan istifadə edərək stansiyaya daha çox su yönəltmək cəhdləri də nəticə verməyib.
Macarıstanın elektrik enerjisi istehsalının təxminən 40 faizini təmin edən Paks Nüvə Elektrik Stansiyası da su qıtlığı səbəbindən istehsalı dayandırmaq həddinə çatıb.
Reyn çayının bəzi hissələrində su səviyyəsinin azalması səbəbindən yük gəmiləri tutumlarının yalnız 20 faizi ilə hərəkət edə bilir.
Bu vəziyyət daşınma xərclərini artırmaqla yanaşı, tədarük zəncirində fasilələrə səbəb olur. Almaniyanın Kaub bölgəsində çayın səviyyəsinin 24 santimetrə, hətta bəzi yerlərdə 8 santimetrdən aşağı düşməsi yükdaşımalarını iqtisadi baxımdan səmərəsiz hala gətirib.
İtaliyanın ən uzun çayı olan Po çayında suyun çəkilməsi isə Adriatik dənizindən gələn duzlu suyun çay yatağına doğru irəliləməsinə səbəb olaraq kənd təsərrüfatı torpaqlarını və məhsulları təhdid edən həddə çatıb.
Cənubi və Qərbi Avropanın əksər hissəsində qış yağıntıları orta göstəricidən yüksək olsa da, may ayından etibarən təsirli olan isti hava dalğaları torpağı sürətlə qurudub.
Ekspertlər yağacaq yağışların çaylara çatmadan əvvəl susuz qalmış torpaq tərəfindən sorulacağını və vəziyyətin dərhal düzəlməyəcəyini bildirirlər.
Avropa Komissiyasının məlumatlarına görə, yüksək temperatur və quraqlıq şəraitinin avqust və sentyabr aylarında da davam etməsi gözlənilir.
