Fransa iki iranlı diplomatı ölkədən çıxarır
Fransa Tehrandakı diplomatik missiyasının iki əməkdaşının İranda saxlanılmasına cavab olaraq yaxın günlərdə iki iranlı diplomatı ölkədən çıxarmaq niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro öz Telegram kanalında məlumat yayıb: "Mən bu qəbulolunmaz hərəkətlərin fəsadlarının olacağını bəyan etmişdim. Yaxın günlərdə iki iranlı diplomat Fransadan çıxarılacaq".
Barro iyulun 19-da İranda iki fransız diplomatın saxlanıldığını açıqlamışdı. Onun sözlərinə görə, saxlanılan şəxslər İranda vətəndaş cəmiyyətinə dəstək məqsədilə həyata keçirilən Fransa proqramlarının, o cümlədən bəzi iranlı alim və rəssamlarla bağlı layihələrin icrası ilə məşğul olublar. Nazir bildirib ki, diplomatlar bir neçə saat saxlanılıb, dindirilib, onlardan biri ilə isə kobud rəftar edilib. Daha sonra hər ikisi azad edilib və qısa müddətdə Fransaya qayıdıb.
İranın xarici işlər naziri Abbas Əraqçı Barro ilə telefon danışığında diplomatların həmin fəaliyyətini qəbulolunmaz və qeyri-peşəkar adlandırıb. O vurğulayıb ki, qəbul edən ölkənin qanunlarına və diplomatiyanın ümumi qəbul edilmiş prinsiplərinə əməl olunması xarici nümayəndəliklərin fəaliyyətini davam etdirə bilməsi üçün zəruri şərtdir.
