Tramp Kim Çen Inla bu il görüşmək istəyir: Görüş üçün hazırlıq siqnalı
ABŞ Prezidenti Donald Trampın bu il başa çatmadan Şimali Koreya lideri Kim Çen Inla üz-üzə görüşmək istədiyi və mümkün görüşün 2026-cı il Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) Liderlər Zirvəsi çərçivəsində keçirilməsi üçün göstəriş verdiyi iddia edilib.
AFN.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzetinə danışan ABŞ rəsmilərinin sözlərinə görə, Tramp Kim Çen Inla üz-üzə görüşmək istədiyini və görüşün noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək APEC Zirvəsi üçün həyata keçirəcəyi Asiya səfəri çərçivəsində baş tuta biləcəyini xüsusi olaraq gündəmə gətirib.
Trampın Kim Çen Inla görüşmək ehtimalı ilə bağlı müşavirlərinə göstəriş verdiyi iddia edilərkən, Ağ Ev rəsmisi mümkün görüşlə bağlı rəsmi hazırlıq prosesinin hələ başlanmadığını, iki liderin uyğun zamanda görüşəcəyini bildirib.
Qeyd edək ki, Tramp və Kim Çen In 2018-ci ilin iyununda Sinqapurda, 2019-cu ilin fevralında Hanoyda, 2019-cu ilin iyununda isə Şimali və Cənubi Koreya arasındakı sərhəd kəndi Panmuncomda olmaqla üç dəfə görüşüblər.
