ABŞ-Cənubi Koreya təlimləri kiçildiləcək
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın İran müharibəsinə qoşulmamasından sonra ölkə ilə keçirilən birgə hərbi təlimlərin miqyasını əhəmiyyətli dərəcədə azaldacaqlarını açıqlayıb.
AFN.az xəbər verir ki, Tramp Şimali Koreya lideri Kim Çen In ilə yaxşı münasibətlərinə toxunaraq Cənubi Koreya ilə keçirilən birgə hərbi təlimlərin miqyasının əhəmiyyətli dərəcədə azaldılacağını bildirib.
Tramp sosial media platforması Truth Social-da paylaşdığı açıqlamada Cənubi Koreyanın son dövrdə İranın nüvə silahlarından təmizlənməsi prosesində ABŞ-a qoşulmaqdan imtina etdiyinə diqqət çəkib.
Təlimlərin olduqca baha başa gəldiyini və bu xərclərin böyük hissəsinin ABŞ tərəfindən qarşılandığını bildirən Tramp, bunun tamamilə yersiz və düşməncəsinə siqnal verdiyini ifadə edib.
ABŞ və Cənubi Koreyanın illik birgə hərbi təlimlərə başlamasına qısa müddət qalmış bu açıqlamanı verən Tramp, təlimləri ləğv etmək üçün artıq gec olduğunu bildirərək təlimlərin əhatə dairəsinin azaldılması barədə göstəriş verdiyini qeyd edib.
Tramp açıqlamasında Cənubi Koreya prezidentindən İranın nüvə silahlarından təmizlənməsi məsələsində ABŞ-a qoşulmaq istəyib-istəmədiklərini soruşduğunu, lakin “Xeyr, təşəkkürlər” cavabını aldığını bildirib.
Seul administrasiyası isə ABŞ ilə planlaşdırılan təlimlərin müəyyən edilmiş qrafikə uyğun şəkildə keçiriləcəyini açıqlayıb. Pxenyan administrasiyasından məsələ ilə bağlı hələlik açıqlama verilməyib.
Ekspertlər birgə hərbi təlimlərin daraldılmasının yüksək xərcə səbəb ola biləcəyini və gözlənilən diplomatik faydanı təmin etməyə biləcəyini qiymətləndirirlər.
Seuldakı Ehvha Universitetinin professoru Leif-Eric Easley ABŞ-Cənubi Koreya birgə müdafiə təlimlərinin hərbi qüvvələrin hazırlıq vəziyyətinin təmin edilməsi baxımından həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Easley təlimlərin miqyasının azaldılmasının ittifaqın koordinasiyasına zərər verə biləcəyini, Cənubi Koreyanın öz müdafiə məsuliyyətini üzərinə götürməsi prosesini ləngidə biləcəyini və mümkün münaqişələrə qarşı çəkindirməni zəiflədə biləcəyini bildirib.

