Emin Ağalarov "Sea Breeze"dəki hadisə ilə bağlı AÇIQLAMA YAYDI
"Sea Breeze" ərazisində yerləşən akvaparkda dünən baş verən faciəvi hadisə nəticəsində uşaq həyatını itirib.
AFN.az-ın xəbərinə görə, hadisə ilə bağlı "Sea Breeze"nin rəhbəri Emin Ağalarov açıqlama verib. O, faciə nəticəsində həyatını itirən uşağın ailəsinə başsağlığı verib və araşdırmanın aparıldığını bildirib: “Şəxsən öz adımdan və bütün “Sea Breeze“ komandası adından ailəyə ən dərin və səmimi başsağlığımı bildirirəm. Belə bir məqamda valideynlərin və yaxınlarının ağrısını yüngülləşdirəcək söz yoxdur.
Hazırda hadisənin bütün hallarını, o cümlədən uşağın hovuzun texniki zonasına necə daxil olduğunu və qoruyucu hasarların arxasında yerləşən su nasoslarının olduğu əraziyə necə düşdüyünü müəyyənləşdirən araşdırma aparılır. Biz öz tərəfimizdən istintaqa hərtərəfli dəstək göstəririk.
Uşaqların və böyüklərin təhlükəsizliyi hər zaman “Sea Breeze“ üçün mütləq prioritet və öhdəlik olub və olaraq qalır. Kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq FHN və müvafiq xidmətlər tərəfindən yoxlanılır. Akvapark üçüncü mövsümdür fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib.
Baş verənlərlə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.
“Sea Breeze“ komandası və şəxsən mən ailəyə lazım olan bütün dəstəyi və yardımı göstərəcəyik”.
Qeyd edək ki, hadisə zamanı 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb.

