Emin Ağalarov Bakıda ticarət mərkəzi və bulvar inşa etdirəcək

"Crocus Group" Bakı ətrafındakı kurort qəsəbəsi "Sea Breeze"də ticarət mərkəzi tikəcək və tikintiyə sentyabrın 15-də start veriləcək.
Bunu TASS-a müsahibəsində "Crocus Group" şirkətinin birinci vitse-prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, tikintisinə sentyabrda başlanacaq ticarət mərkəzinin 2022-ci ilin yayında istifadəyə veriləcəyi planlaşdırılır.
“Sentyabrın 15-də ticarət mərkəzinin tikintisinə başlanacaq. Birinci fazada ümumi ərazisi 43 min kv.m olacaq. Gələn yayadək tikintini başa çatdırmaq istəyirəm”, - Ağalarov qeyd edib.
O əlavə edib ki, gələcəkdə isə ticarət mərkəzinin ərazisi 60 min kv.m-ə çatdırılacaq və onun 34 min.kv.m-ni avtomobil dayanacağı təşkil edəcək. Yuxarı mərtəbələrdə 12 min kv.m sahə isə yaşayış üçün veriləcək.
Ağalarov bildirib ki, bundan əlavə olaraq "Sea Breeze"də 6 km-lik bulvar və piyada gəzintisi, velosiped yolları, yaşıllıq və istirahat yerləri salınacaq.
O qeyd edib ki, şirkət yaxın zamanlarda "Grand Hotel və Skyline" daimi yaşamaq üçün apart-hotellər tikməyi planlaşdırır. Həmin hotellərin 2023-24-cü illərdə istifadəyə verilməsi planlaşdırılır.
"Crocus" həmçinin 16 korpuslu Polo Residences yaşayış kompleksinin tikintisini həyata keçirmək istəyir. Ağalarov ümumlikdə nəzərdə tutduğu layihələrin reallaşdırması üçün 2 mlrd dollaradək investisiya yatıracaq.
Ağalarovun dediyinə görə, bunun 150 mln dollarından çoxu 2021-ci ilin sonunadək Sea Breeze kurort qəsəbəsinə yatırılacaq: “Ümumilikdə isə layihə 2028-30 illərdə tam başa çatması nəzərdə tutulur və layihəyənin dəyəri 1,5-2 mlrd dollar təşkil edəcək”. (ölkə.az)