İsveçdə keçirilən parlament seçkisində sol blok 3 mandat fərqi ilə öndədir



İsveçdə dünən keçirilən parlament seçkisində Sosial Demokratların rəhbərlik etdiyi Mərkəz Partiyası, Yaşıllar Partiyası və Sol Partiyadan ibarət mərkəz-sol blokun öndə olduğu açıqlanıb.

AFN.az xəbər verir ki, İsveç Dövlət Televiziyası SVT-nin məlumatına görə, səslərin 94 faizi hesablanıb və səslərin sayılması prosesi davam edir.

Qeyri-rəsmi nəticələrə əsasən, Sosial Demokratların rəhbərlik etdiyi Mərkəz Partiyası, Yaşıllar Partiyası və Sol Partiyadan ibarət mərkəz-sol blok səslərin 49,5 faizini toplayaraq 349 yerlik parlamentdə 176 mandat qazanıb.

Hakim sağ blokun – Mötədil Mühafizəkarlar Partiyası, Xristian Demokratlar və Liberallardan ibarət koalisiyanın, eləcə də hazırkı hökumətə parlamentdən kənardan dəstək verən İsveç Demokratlarının ümumi səs faizi 49,1 faiz olub. Sağ blok parlamentdə 173 mandat əldə edib.

İsveç mediasının məlumatına görə, səslərin hesablanmasının davam etdiyi seçkidə sol blok parlamentdə 3 mandat fərqi ilə öndədir.

Sosial Demokratların lideri Maqdalena Andersson mövcud nəticələrə əsasən “qalib gəldiklərini” bildirib. O, İsveçin “yeni hökumətə” sahib olacağını deyib.

Bununla yanaşı, İsveçin xaricdəki diplomatik nümayəndəliklərində istifadə edilən və poçt vasitəsilə gecikmiş şəkildə çatdırılan səslərin hesablanması sentyabrın 16-dək davam edəcək. Rəsmi nəticələrin həftə sonuna qədər açıqlanacağı gözlənilir.

İsveçdə dünən keçirilən ümumi seçkidə 8 milyondan çox seçici səsvermədə iştirak edib. Seçici fəallığı 80,4 faiz təşkil edib.

Seçicilər 349 yerlik parlamentlə yanaşı, 21 regional məclis və 290 bələdiyyə məclisinin üzvlərini də müəyyənləşdirmək üçün səs veriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu