Bank böyükdür, amma iqtisadiyyat onunla ayaqlaşmırsa... – ekspertdən XƏBƏRDARLIQ
“Bank Respublika” ASC “AccessBank” QSC-nin səhmlərinin 100 faizini əldə edəcək.
“Bank Respublika” və “AccessBank”ın səhmdarları bununla bağlı strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Sövdələşməyə əsasən, “AccessBank”ın mövcud səhmdarları “Bank Respublika”nın nizamnamə kapitalının 25 faizini təşkil edən yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək bankın səhmdarlarına çevriləcəklər.
Səhmlərin alınması başa çatdıqdan sonra hər iki bank ilkin mərhələdə fəaliyyətini ayrıca davam etdirəcək. Daha sonra isə onların vahid bankda birləşdirilməsi nəzərdə tutulur. Birləşmə nəticəsində formalaşacaq bankın ümumi aktivlərinin 4,5 milyard manata, kredit portfelinin isə 3,3 milyard manata çatacağı bildirilir.
Bəs iki bankın birləşməsi Azərbaycan bank sektoru üçün nə vəd edir? Bəzi mütəxəssislər Azərbaycanda bankların sayının çox olduğu qənaətindədirlər. Bu baxımdan sözügedən birləşmə ümumi vəziyyətə necə təsir göstərəcək?
AFN.az bu və digər suallarla bağlı iqtisadçı ekspert Elman Sadıqovun fikirlərini öyrənib. Elman Sadıqov prosesə yalnız sayın azalması baxımından yanaşmağın düzgün olmadığını bildirib:
"Birincisi, belə alqı-satqılar daha çox çoxşaxəli xarakter daşıyır. Biz bilirik ki, bir bankın digərini alması müxtəlif səbəblərdən baş verə bilər. Məsələn, rəqib şirkətin digər bankın zəifliyindən istifadə edərək onu daha ucuz qiymətə alması mümkündür. Yaxud iki bankın qarşılıqlı razılaşma əsasında birləşməsi, eləcə də banklardan birinin səhmdarlarının öz biznesini digər banka satması variantı ola bilər. Bunlar müxtəlif hallardır.
Bu halda isə hazırda “AccessBank”ın səhmdarları sadəcə olaraq öz strategiyalarını müəyyən dərəcədə dəyişiblər və nəticə etibarilə bazardan çıxmaq qərarı veriblər, yaxud da başqa planları var. Nəticədə öz səhmlərini, yəni bankın səhmlərini “Bank Respublika”ya satırlar. “Bank Respublika” üçün bu, əslində, bir qədər uğurlu əməliyyatdır. Niyə? Çünki “Bank Respublika” daha çox bank xidmətləri sektorunda ixtisaslaşıb. Yəni korporativ müştərilərə və fiziki şəxslərə xidmət göstərməklə daha çox ixtisaslaşıb. “AccessBank” isə əksinə, daha çox pərakəndə kreditləşmə, istehlak kreditləri, eləcə də kiçik və orta biznesə, mikro və kiçik biznesə kreditlərin verilməsi istiqamətində ixtisaslaşıb. Əslində “Bank Respublika” özünə yeni, daha ixtisaslaşmış bir xidməti gətirməklə həm bank xidmətləri, həm də istehlak və digər kreditləşmə sahələrində ixtisaslaşmış banka çevrilir. Yəni bu, “Bank Respublika” üçün müsbətdir".
Bankların sayı ilə bağlı məsələyə gəldikdə E.Sadıqov bildirib ki, dünyada ümumiyyətlə əhali sayı, ölkənin ərazisi və bankların sayı arasında araşdırma aparsaq, burada düz korrelyasiya yoxdur: "Elə ölkə var ki, əhalisinin sayı 60 milyondur və orada 200 bank var. Elə ölkə də var ki, əhalisinin sayı yenə 60 milyondur, amma orada 400-500 bank fəaliyyət göstərir. Bu, əslində, normaldır. Bu sahəni araşdırmayanlar bankların çoxluğundan dəfələrlə danışırlar, amma niyə çox olduğunu izah edə bilmirlər.
Məsələnin kökü ondan ibarətdir ki, nisbətən bir korrelyasiya ölkənin iqtisadi inkişaf səviyyəsi ilə bankların sayı arasında var. Yəni ölkənin iqtisadi inkişafı nə qədər sürətli və yüksək olursa, bankların sayı da bir o qədər çox ola bilir. Burada bir nisbi korrelyasiya var. Amma əhali sayı, ərazi ciddi yanaşma deyil. Ümumiyyətlə belə bir korrelyasiya yoxdur.
Dünyada elə ölkələr var ki, ərazisi bizdən də kiçikdir, amma orada bizdən daha çox bank fəaliyyət göstərir. Mən indi onların bir-bir adlarını çəkmək, rəqəmlərə getmək istəmirəm. Çünki məsələ çox dərinə gedir və ortaya bir çox nüanslar çıxır.
Hər bir ölkədə sahibkarlar özlərinə uyğun banklarla işləməyə çalışırlar. Məsələn, Almaniyada yüzdən çox bank var, həmçinin "Deutsche Bank" da fəaliyyət göstərir. Amma Almaniyada mikro, kiçik və orta sahibkarların heç biri gedib "Deutsche Bank"la işləməz. "Deutsche Bank"la "Mercedes", BMW, "Volkswagen" kimi böyük şirkətlər işləyər. Çünki kiçik və orta sahibkar 10 minlik, 50 minlik, 100 minlik, hətta 1 milyonluq kredit və yaxud əməliyyat üçün böyük bankda operativ xidmət almaqda çətinlik çəkə bilər. Bunun üçün bankın sədrinin və ya sədr müavininin qəbuluna düşmək də çətindir. Onlar daha çox butik, kiçik banklarla işləyirlər və rahat, operativ şəkildə öz işlərini görürlər. Həmin banklar da bu müştərilərə özəl münasibət göstərirlər, onları VIP müştəri kimi qəbul edirlər. Nəticə etibarilə, hər bir sektorda öz böyüklüyünə uyğun olaraq iş adamının özünə uyğun bankla çalışması daha yaxşı ahəng yaradır.
Bizdə də təsəvvür edin ki, böyük bir bank var və onun, məsələn, 6-7 milyard manat kapitalı var. Kiçik müştəri həmin banka öz dərdini deyə bilmir, sadəcə əməliyyatçı səviyyəsində qalır. Və yaxud həmin bank üçün yeri düşəndə o müştəri o qədər də maraq kəsb etmir. Nəticədə bir disharmoniya yaranır. Amma həmin müştəri nisbətən kiçik bankla çalışdıqda tam qarşılıqlı anlaşma baş verir. Ona görə hər bir ölkədə böyük və kiçik bankların nisbəti ölkənin iqtisadi konyunkturasından asılıdır. Məsələn, ölkədə daha böyük holdinqlər varsa, böyük banklar da çox olur. Əgər belə holdinqlər yoxdursa və kiçik və orta sahibkarlıq daha çoxdursa, o zaman kiçik və orta sahibkarlığa xidmət edən banklar çox olur".
E.Sadıqovun sözlərinə görə, bankların sayının çox olmasının müsbət tərəfi odur ki, diversifikasiya yaranır, yəni risklər diversifikasiya olunur. Ekspert qeyd edib ki, bank sektorunda təmərküzləşmə təkcə bankların özlərinə zərər deyil, iqtisadiyyata və dövlətə də zərərdir: "Biz bunu bir dəfə Beynəlxalq Bank nümunəsində gördük. Bir və ya bir neçə bankın əlində bütün bank sektorunun xidmətlərinin, dövriyyəsinin, aktivlərinin və kreditlərinin böyük hissəsinin cəmləşməsi dövlət üçün ciddi qırmızı xətdir, siqnaldır. Belə vəziyyətdə Mərkəzi Bank da lazımi tədbirləri görməyə çalışır. Çünki bu, gələcəkdə dövlət üçün ciddi başağrısına çevrilə bilər və hətta dövlət belə həmin bankı xilas etməkdə çətinlik çəkə bilər. Ona görə bankların sayı məsələsindən əlavə burada təmərküzləşmə, bankların müxtəlif istiqamətlərdə xidmət göstərməsi, aktivlərin banklar arasında səpələnməsi, hətta böyük banklar arasında da müəyyən xidmətlərin bölünməsi və sair çox önəmli faktorlardır. Burada müxtəlif əmsallardan, nisbətlərdən istifadə olunur və sair. Amma hər bir halda mən yekun olaraq bunu bildirmək və altını cızaraq vurğulamaq istəyirəm: dünyanın heç bir ölkəsində, heç bir dövlət konkret olaraq hesablaya bilməz və hesablamır da ki, mənim dövlətim üçün neçə bank lazımdır. Məsələn, hesablayır ki, 20 bank lazımdır. Bunu haradan hesablayır? Belə bir hesablama metodu yoxdur. Mənə 20 bank lazımdır, amma hazırda məndə 60 bank var, mən bu 60 bankı 20-yə salım, belə bir şey yoxdur. Bunun iqtisadi əsası yoxdur. Və yaxud dünyanın hər hansı bir ölkəsində heç bir dövlət hesablamır ki, hazırda mənim 20 bankım var, amma mənə 40 bank lazımdır, ona görə bankların sayını artırım. Bu da doğru yanaşma deyil. Bankların sayını müəyyən edən əsas amil iqtisadi konyunkturadır. Tələb-təklifdir. Tələb varsa, bank açılacaq. Tələb varsa, kənardan da bank gələcək. Tələb varsa, bank açılmalıdır, əgər yoxdursa, ehtiyac yoxdursa, təbii ki, yeni bank açılmayacaq. Yaxud tələb yoxdursa, mövcud banklardan bir neçəsi bağlanacaq. Yəni burada administrativ üsul yoxdur. Burada iqtisadi tələb-təklif mexanizmi, iqtisadi konyunktura var. Hər hansı bir şəxsin “bankların sayı çoxdur” deməsi bir az, açığını deyim, o deməkdir ki, həmin şəxsin bank sektoru haqqında elə də məlumatı yoxdur, yaxud başqa məsələ var. Bu, tamamilə başqa söhbət ola bilər".
Ekspert vurğulayıb ki, hazırda böyük bankların özləri belə bundan sonra Azərbaycanda hər hansı bankların bağlanmasını istəməzlər: "Sözün açığı, mənə elə gəlir ki, onlar birləşməyə də o qədər maraqlı deyillər. Bizim özümüzün də artıq çox böyük banklarımız var. Həmin banklar iqtisadiyyatın böyüməsini gözləməyə məcburdurlar. Müəyyən müddətdən sonra bank iqtisadiyyatın ölçüsünə nisbətən həddindən artıq böyük olur. İqtisadiyyat bankın böyüklüyü ilə ayaqlaşmadıqda, bank da özünü aşağıya çəkməyə məcbur olur və bu, çox təhlükəli amilə çevrilir. Çünki bank özünün yığılmış böyük aktivlərindən səmərəli istifadə edə bilmir. Bu isə çox təhlükəli məsələdir. O səbəbdən düşünmürəm ki, bundan sonra Azərbaycanda bir sıra banklarımız daha da böyümək həvəsinə düşsünlər. Çünki bu, müəyyən müddətdən sonra ciddi problemlər formalaşdıra bilər".
E.Sadıqovun fikrincə, bankların böyüməsi bir şərtlə məqsədəuyğundur: onlar transmilli və ya regional banklara çevrilsinlər: "Məsələn, mənim çox böyük arzumdur ki, Azərbaycanda iki-üç bank imkanlarından istifadə edərək regional banka çevrilsin. Elə olsun ki, həmin bankların Gürcüstanda, Ermənistanda, hətta Dağıstanda, Özbəkistanda və Qazaxıstanda filialları olsun, oradakı müştərilərə xidmət göstərsinlər.
Bu halda həmin bank nə qədər böyükdürsə, iqtisadiyyat da bundan bir o qədər faydalana bilər. Məsələn, "Deutsche Bank" yalnız Almaniyaya xidmət etsəydi, çoxdan müflis olardı. "Deutsche Bank" çox böyük bankdır, dünyanın böyük banklarından biridir, müxtəlif ölkələrdə filialları var, dünyanın müxtəlif yerlərində şirkətlərə xidmət göstərir, ticarət əməliyyatları aparır, forex əməliyyatları həyata keçirir. Yəni beynəlxalq əməliyyatların tərkib hissəsidir. Ona görə də belə bankın fəaliyyət coğrafiyası və müştəri bazası yalnız bir ölkə ilə məhdudlaşmır".
Həbibə ABDULLA
