Süni zəka terminləri nə deməkdir?
Süni intellekt texnologiyalarında baş verən sürətli inkişaflar həyatımıza elmi-fantastik filmləri xatırladan yeni anlayışlar gətirib.
AFN.az xəbər verir ki, sahənin aparıcı şirkət və mütəxəssislərinin bu terminlərdən tez-tez istifadə etməsi isə müəyyən çaşqınlıq yaradır.
İnsan kimi öyrənmək və düşünmək qabiliyyətinə malik süni intellekt modellərini ifadə edən ümumi süni intellekt (AGI) hazırda mövcud olan dar ixtisaslaşmış sistemlərdən fərqli olaraq, insanın bütün sahələrdəki düşünmə və mühakimə qabiliyyətinə çatmağı nəzərdə tutur.
Sahədəki bəzi şəxslər artıq bu mərhələyə çatıldığını iddia etsələr də, hər hansı modelin ümumi süni intellekt səviyyəsinə çatıb-çatmadığını müəyyənləşdirəcək universal tərif və ya test hələ mövcud deyil.
Super intellekt anlayışı süni intellektin bütün sahələrdə insan zəkasını geridə qoyaraq hətta mütəxəssisləri də qabaqlaması deməkdir.
Bu mərhələdə əsas narahatlıqlardan biri sistemlərin öz kodlarını və dizaynlarını təkmilləşdirərək daha ağıllı versiyalarını yarada bilməsi ilə bağlı rekursiv özünü təkmilləşdirmə prosesidir.
Şirkətlər inkişaf proseslərinin böyük hissəsini süni intellekt sistemlərinə həvalə etməyə başladıqca, bu vəziyyət qabiliyyətlərdə son dərəcə sürətli sıçrayışlara səbəb ola bilər.
Süni intellektin insan dəyərlərinə sadiq qalmasını və qarşıya qoyulan məqsədlər istiqamətində fəaliyyət göstərməsini təmin etmək üçün aparılan səylər uyğunlaşdırma adlanır. Lakin maşınların niyyətləri hər vəziyyətdə düzgün anlamasının çətin olması bu sahədə ciddi risklər yaradır.
Ekspertlər sistemlər inkişaf etdikcə nəzarətin insanın əlindən çıxa biləcəyi və onların əvvəlcədən proqnozlaşdırılması çətin olan mürəkkəb məqsədlər formalaşdıra biləcəyi barədə xəbərdarlıq edirlər.
Mütəxəssislər həmçinin mövcud alətlərin süni intellekt sistemlərinin təhlükəsizliyini təmin etmək üçün hələ kifayət qədər yetkin olmadığını bildirirlər.
