Brent neftinin bir bareli 105,84 dollardan satılır



Brent markalı neftin bir bareli beynəlxalq fyuçers bazarlarında 105,84 dollardan alınıb-satılır.

AFN.az xəbər verir ki, dünən 109,68 dollara qədər yüksələn Brent neftinin fyuçers qiyməti günü 107,63 dollar səviyyəsində tamamlayıb. Brent neftinin noyabr fyuçers müqaviləsi bu gün saat 10:16-da əvvəlki bağlanış qiyməti ilə müqayisədə 1,6 faiz azalaraq 105,84 dollar olub.

Eyni vaxtda Qərbi Texas tipli (WTI) xam neftin oktyabr fyuçers müqaviləsinin bir barelinin qiyməti isə 100,97 dollar təşkil edib.

Yaxın Şərqdə gərginliyin neft tədarükündə fasilələrə dair narahatlıqları artırması qiymətlərin yüksək səviyyədə qalmasına səbəb olsa da, həftənin son ticarət günündə ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti ilə bağlı sərt mövqe gözləntiləri və dolların möhkəmlənməsi fonunda neft qiymətləri qismən geriləyib.

ABŞ-da istehsalçı inflyasiyasının gözləntilərdən yüksək açıqlanmasından sonra FED-in faiz siyasəti ilə bağlı sərt mövqe gözləntiləri güclənib. Gələn həftə FED-in 25 baza bəndi faiz artımı edəcəyi ehtimalı 72 faizə yüksəlib. Bununla yanaşı, ilin sonuna qədər qurumun daha bir faiz artımına gedə biləcəyi ehtimalı da artır.

Yüksək faiz dərəcələrinin iqtisadi aktivliyi və bununla əlaqədar neftə tələbatı zəiflədə biləcəyi gözləntisi qiymətlərə aşağı istiqamətdə təzyiq göstərir.

Bundan başqa, faiz artımı gözləntilərinin ABŞ dollarını gücləndirməsi dollarla qiymətləndirilən nefti digər valyutalardan istifadə edən alıcılar üçün bahalaşdırır və tələbatı məhdudlaşdırır.

Digər tərəfdən, Yaxın Şərqdə neft obyektlərinin və tankerlərin hədəfə alınması neft təchizatı ilə bağlı narahatlıqların qüvvədə qalmasına səbəb olur.

İranın Hörmüz boğazı ətrafında gəmilərə qarşı hücumları artırması və ABŞ-ın İrana məxsus neft tankerlərini hədəfə almasının ardından bölgədə neft təchizatının daha çox pozula biləcəyi ilə bağlı narahatlıqlar güclənib.

Analitiklər neft qiymətlərinin bundan sonrakı istiqamətində geosiyasi proseslərlə yanaşı, bölgədə faktiki neft axınlarının da həlledici rol oynayacağını bildirirlər. Çinin neft tələbatı və qlobal təchizatda baş verə biləcək yeni fasilələr qiymətlərin istiqaməti baxımından mühüm amillər hesab olunur.

ABŞ-ın kommersiya xam neft ehtiyatlarının ötən həftə təxminən 400 min barel azalması və gündəlik neft hasilatının 13 milyon 947 min barelə yüksəlməsi də bazardakı təchizat görünüşünün digər mühüm elementləri sırasında yer alır.

Brent neftində texniki baxımdan 108,65 dollar müqavimət, 104,07 dollar isə dəstək səviyyəsi kimi izlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu