"Fənərbağça"da xaos: İsmail Kartal məşqə çıxmadı, zənglərə cavab vermir


“Fənərbağça” UEFA Çempionlar Liqasının ilk turunda evdə İtaliyanın “Roma” klubunu qəbul edib və 1:1 hesablı heç-heçə edib. Qarşılaşmadan sonra heç kimin gözləmədiyi hadisə baş verib. İsmail Kartal mətbuat konfransında istefa etdiyini açıqlayıb. Ardınca kameralar qarşısına keçən klub prezidenti Aziz Yıldırım isə “Vəzifəsinin başındadır” deyib. Bununla yanaşı, İsmail Kartal “Roma” matçından sonrakı gün məşqə çıxmayıb.

AFN.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, matçdan sonra “Fənərbağça”nın “Roma” qarşısındakı yaxşı oyunu müzakirə olunarkən, İsmail Kartal mətbuat konfransında gözlənilməz açıqlama verib. İsmail Kartal sualları qəbul etməyəcəyini bildirərək deyib:

“Üç aydır buradayam. Mövsümün əvvəlindən bu günə qədər futbolçularla keçirdiyimiz məşqlər, təlim-məşq toplanışları, prezidentimiz və rəhbərliyimiz bizə kömək etməyə çalışdı. Çox gözəl günlər idi. Bu axşam etibarilə futbolçularımı təbrik edirəm və vəzifəmdən istefa verirəm. Bu günə qədər mənə dəstək olan azarkeşlərimizə, media nümayəndələrinə, əməkdaşlarıma və futbolçu qardaşlarıma təşəkkür edirəm. Bu axşam vəzifəmi tərk etdim. Klubumun qarşısını açmaq üçün belə bir qərar verdim. Komanda ilə birlikdə belə bir qərar qəbul etdik. Bundan sonra “Fənərbağça”ma, futbolçularıma və gələcək məşqçilərə kömək etmək üçün indidən, yol yaxın ikən və bir daha qayıtmamaq şərtilə vəzifəmdən istefa etdim”.

Futbolçular və rəhbərlik də daxil olmaqla heç kimin xəbəri olmayan bu istefa böyük təəccüb yaradıb. Hətta matçdan sonra jurnalistlərə müsahibə verən və komandanın qolunu vuran Arçi Brauna İsmail Kartalın istefa etdiyi deyildikdə, o da təəccüblənib: “İstefa? Nə istefası?”, – deyə Braun təəccübünü ifadə edib.

Bütün bunlardan qısa müddət sonra “Fənərbağça”nın prezidenti Aziz Yıldırım kameralar qarşısına keçərək hər kəsi bir daha təəccübləndirib. Yıldırım İsmail Kartala dəstək verərək onun vəzifəsində qalacağını açıqlayıb. Yıldırım bildirib ki, qarşılaşma zamanı tribunadan İsmail Kartala su butulkası atılıb və məşqçinin istefa qərarının səbəbi də bununla bağlıdır:

“İsmail müəllimin başına su butulkası atdılar. Biz görürük, o da görür. Buna görə kədərlidir. Səbəb budur. Komandamız yaxşı oynadı. Bir xal qazandıq. Bizim hesablamalarımıza görə, qrupdan çıxa bilərik. Levent yaxşı oynadı? Bartuğ yaxşı oynadı? Yaxşı oynadılarsa, dərdiniz nədir? Xahiş edirəm, həqiqətləri təhlil edin. İttiham irəli sürməyin. May ayına gəldikdə Türkiyə liqasının vəziyyətini görəcəksiniz. Çempionlar Liqasına vəsiqə qazandıq. Bu, uğurdur. 18 ildən sonra bir məşqçi və bir rəhbərlik bunu bacarır. İsmail Kartal vəzifəsinin başındadır. “Fənərbağça” ailəsi İsmail Kartala sahib çıxsın. Başına butulka atmaqla ona sahib çıxılmaz. İsmail Kartal da bu butulka hadisəsindən danışır, dərman qəbul etdiyini deyir. 20 illik prezidentlik dövrümdə başladığım məşqçilərdən ikisi istisna olmaqla – onların da səbəbləri var idi – heç birini mövsüm başa çatmadan göndərdiyimi görmüsünüzmü, eşitmisinizmi, yaşamısınızmı? O zaman davam edək. Hamı açıqlamadan əvvəlki mövqeyinə qayıtsın”.

Yıldırım bu açıqlamanı verdiyi vaxt İsmail Kartal məşqçi heyəti ilə birlikdə stadiondan çıxaraq prezidentin arxasından keçib.

“Fənərbağça” klubu UEFA Çempionlar Liqasında keçirilən “Roma” matçında baş məşqçi İsmail Kartala anoloji addım atan azarkeşə stadiona giriş qadağası tətbiq edildiyini açıqlayıb. Klubun bununla bağlı yaydığı açıqlamada bildirilib:

“İstanbul Anadolu Respublika Prokurorluğunun göstərişi ilə hərəkətə keçən hüquq-mühafizə orqanları qarşılaşma zamanı İsmail Kartala yad əşya atan şübhəlinin kimliyini qısa müddətdə müəyyənləşdirib. Saxlanılaraq ifadəsi alınan şəxs barəsində 6222 saylı ‘İdmanda zorakılığın və nizamsızlığın qarşısının alınması haqqında’ Qanun çərçivəsində idman yarışlarını izləməkdən məhrumetmə tədbirinin tətbiq olunduğu bildirilib”.

İsmail Kartal istefa açıqlaması zamanı “Bir daha qayıtmamaq şərtilə istefa edirəm” ifadəsini işlədib. Klub prezidenti isə “Mən onun böyüyüyəm. Vəzifəsinin başına qayıdacaq” deyib. “Fənərbağça”da İsmail Kartalın gələcəyi ilə bağlı yekun qərarın bu gün rəsmi kanallar vasitəsilə açıqlanması gözlənilir.

Həmçinin saat 12:00-da başlayan məşqdə İsmail Kartal iştirak etməyib. Onun telefon zənglərinə də cavab vermədiyi bildirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu