Aşağı karbohidratdan yüksək karbohidratlı qidalanmaya keçid immun sisteminə təsir edir



Aşağı karbohidratlı pəhrizdən sonra karbohidrat qəbulunu artırmaq orqanizmdə müxtəlif dəyişikliklərə səbəb ola və immun sisteminə təsir göstərə bilər.

AFN.az xəbər verir ki, bu nəticə Nyu-York Universitetinin Langone Health mərkəzinin rəhbərliyi ilə aparılan araşdırmada əldə olunub.

Tədqiqatçılar 18-50 yaş aralığında olan 54 yetkin şəxsin iştirak etdiyi nəzarətli qidalanma araşdırmasının məlumatlarını təhlil ediblər.

Araşdırmaya görə, aşağı karbohidratlı qidalanmadan sonra karbohidrat qəbulunun artırılması, xüsusilə qəbul edilən karbohidratların növündən asılı olaraq, orqanizmdə fərqli dəyişikliklərə səbəb ola və immun sisteminə təsir göstərə bilər.

Araşdırmada artıq çəkisi olan və ya piylənmədən əziyyət çəkən 54 yetkin şəxsin qidalanma rejimi araşdırılıb. İştirakçılar əvvəlcə aşağı karbohidratlı pəhriz saxlayıb və təxminən 15 faiz çəki itiriblər.

Daha sonra iştirakçılar müxtəlif qidalanma qruplarına bölünüb. Qruplardan biri aşağı karbohidratlı qidalanmanı davam etdirib, digər qruplar isə yüksək karbohidratlı qidalanmaya keçib.

Bu qruplardan birində karbohidratların böyük hissəsini rafinə edilmiş nişasta təşkil edib.

Rafin edilmiş nişasta ağ çörək, ağ düyü, ağ undan hazırlanan məhsullar və bəzi emal edilmiş taxıl məhsullarında olan, emal zamanı lif və bəzi qida maddələri azaldılmış karbohidratları ifadə edir.

Tədqiqatçılar yüksək karbohidratlı qidalanan qrupları müqayisə etdikdə əhəmiyyətli fərq aşkarlayıblar.

Rafin edilmiş nişasta ilə zəngin qidalanan qrupda bəzi immun hüceyrələrinin daha çox aktivləşdiyi müşahidə olunub. Bundan əlavə, iltihablanma prosesləri ilə əlaqəli bəzi bioloji yolların da daha aktiv olduğu müəyyənləşdirilib.

Tədqiqatçıların fikrincə, bunun səbəbi rafinə edilmiş karbohidratların qanda şəkərin səviyyəsini daha sürətlə yüksəldə bilməsi ola bilər.

Qan şəkərinin sürətlə yüksəlməsi immun sisteminin bəzi hissələrini aktivləşdirərək iltihablanmanı tətikləyə bilər.

Araşdırmanın nəticələri bütün karbohidratlar zərərlidir mənasına gəlmir.

Əksinə, tədqiqat karbohidratların miqdarı ilə yanaşı, mənbəyinin də əhəmiyyətli ola biləcəyinə işarə edir.

Tədqiqatçılar həmçinin yüksək şəkər qəbul edən qrupda bəzi immun reaksiyalarının daha aşağı olduğunu müəyyən ediblər. Lakin bu, şəkərin daha sağlam olduğu anlamına gəlmir. İmmun sistemində bəzi reaksiyaların azalması da orqanizm üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.

Alimlər araşdırmanın kiçik qrupla və yalnız 10 həftə ərzində aparıldığını nəzərə alaraq, daha geniş və uzunmüddətli tədqiqatlara ehtiyac olduğunu vurğulayıblar.

Araşdırmanın əsas mesajı isə ondan ibarətdir ki, aşağı karbohidratlı pəhrizdən sonra karbohidrat qəbulunu artırarkən yalnız miqdara deyil, karbohidratların hansı qidalardan əldə edildiyinə də diqqət yetirmək lazımdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu