100 yaşdan yuxarı insanların immun sistemində xərçənglə mübarizə aparan hüceyrələrin artdığı müəyyənləşib



Yeni araşdırma 100 yaşdan yuxarı insanların xərçəng və xəstəliklərdən qorunmasında təsirli ola biləcək bioloji mexanizmi ortaya qoyub.

AFN.az xəbər verir ki, “Cell Press” jurnalında dərc olunan araşdırmaya görə, bu insanların immun sistemində nadir rast gəlinən T hüceyrəsi növünün zaman keçdikcə artdığı və uyğunlaşdığı müəyyən edilib.

Osaka Universitetindən immunoloq Kosuke Haşimoto rəhbərliyindəki tədqiqatçılar immun sistemində normalda köməkçi rol oynayan CD4 T hüceyrələrinin yaş artdıqca öldürücü T hüceyrələrinə (CD4 CTL) çevrildiyini müəyyən ediblər.

Artan və aktivliyini qoruyan bu hüceyrələr orqanizmdə yoluxmuş və ya xərçəngə çevrilmiş hüceyrələri aşkar edərək onları məhv etmək funksiyasını yerinə yetirir.

Yaponiyada aparılan araşdırmada 28 iştirakçının qan nümunələri təhlil edilib. 70, 80 və 90 yaşlarında olan şəxslərdə bu öldürücü hüceyrələrin nisbəti orta hesabla 4 faiz səviyyəsində qalarkən, 100 yaşlı insanlarda bu göstərici 9,6 faizə, 110 yaşdan yuxarı şəxslərdə isə 17,6 faizə yüksəlib.

Əldə edilən məlumatlar göstərib ki, bu hüceyrələr yaşlanma ilə immun sisteminin tükənməsindən daha çox, orqanizmin yaranan təhlükələrə qarşı inkişaf etdirdiyi uyğunlaşma mexanizminin bir hissəsidir.

Araşdırma 100 yaşdan yuxarı şəxslərdə sözügedən hüceyrələrin təxminən üçdə birinin tək bir ilkin hüceyrənin klonları olduğunu ortaya qoyub.

Mütəxəssislər yaş artdıqca yaranan anormal və xərçəngli hüceyrə təhlükələrinə qarşı immun sisteminin bu xüsusi hüceyrələri çoxaldaraq müdafiə mexanizmi formalaşdırdığını qiymətləndirirlər.

Tədqiqatçılar əldə edilən nəticələrin qeyri-adi uzunömürlülüyün sirlərini və yaşlanma ilə əlaqədar yaranan hüceyrə dəyişikliklərini anlamaqda mühüm addım olduğunu bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu