Tramp: Hörmüz boğazı əvvəlki qədər əhəmiyyətli olmayacaq



ABŞ Prezidenti Donald Tramp alternativ marşrutlar və yeni çəkilən boru kəmərləri səbəbindən Hörmüz boğazının əvvəlki qədər əhəmiyyətli olmayacağını düşündüyünü bildirib. 

AFN.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Ağ Evdə kriptovalyuta şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşdən əvvəl jurnalistlərə gündəmlə bağlı açıqlamalar verib.

İrana qarşı yeni sanksiyalara hazırlaşdıqlarını və bunların güclü olacağını bildirən Tramp sanksiyaların nə vaxt tətbiq ediləcəyi ilə bağlı dəqiq məlumat verməyib.

Hörmüz boğazının tamamilə ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu iddia edən Tramp yalnız onların icazə verdiyi gəmilərin boğazdan istifadə edə bildiyini və bu yolla dünya bazarlarına əhəmiyyətli miqdarda neft çatdırıldığını bildirib.

Tramp Hörmüz boğazı ilə bağlı “İnsanlar əvvəllər heç vaxt ağıllarına gəlməyən başqa alternativlər tapdılar. Texas, Alyaska, Luiziana və digər yerlər. Bundan əlavə, rekord sayda boru kəməri tikilir. Buna görə də Hörmüz boğazının əvvəlki qədər əhəmiyyətli olmayacağını düşünürəm” deyə qiymətləndirib.

Digər tərəfdən, Tramp eyni mətbuat konfransında Şimali Koreya ilə yaxşı münasibətlərə malik olduğunu və Cənubi Koreya ilə nəhəng miqyaslı birgə hərbi təlimləri artıq zəruri hesab etmədiyini bildirib.

“Kim Çen In Obamanı və Baydeni sevmirdi, lakin biz yaxşı anlaşırıq” deyən Tramp prezidentliyi dövründə Pxenyanla heç bir problem yaşamadıqlarını vurğulayıb.

Tramp “Şimali Koreyaya qarşı bu nəhəng hərbi təlimləri keçirməyimiz xoşuma gəlmir. Nəhəng bir müharibə təlimi keçirirdik. Açığı, bu günə qədər bizə kifayət qədər yaxşı münasibət göstərmiş bir ölkəyə qarşı bunun çox alçaldıcı olduğunu düşünürəm” deyə bildirib.

İranla müharibəsində Cənubi Koreyanın onlara yardım etməkdən imtina etdiyini bildirən Tramp bundan heç xoşu gəlmədiyini ifadə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu