ABŞ-da Meta-ya qarşı tarixi məhkəmə başladı: Şirkət uşaqları asılı vəziyyətə salmaqda ittiham olunur



ABŞ-ın Kaliforniya ştatının Oklend Federal Məhkəməsində Meta şirkətinin Facebook və Instagram vasitəsilə uşaqları qəsdən platformalara asılı vəziyyətə saldığı iddiası ilə açılan tarixi məhkəmə prosesi başlayıb. 

AFN.az xəbər verir ki, Kaliforniya və Nyu-Yorkun da daxil olduğu 29 ştat tərəfindən 2023-cü ildə açılan məhkəmə işində prokurorlar şirkətin uşaqların məxfiliyinin qorunması ilə bağlı qanunları pozduğunu və gənclərin psixi sağlamlığına zərər vurduğunu iddia edirlər.

Altı həftə davam etməsi gözlənilən məhkəmə prosesində ştatlar Meta-dan milyardlarla dollar təzminat tələb etməklə yanaşı, Instagram və Facebook-da bəyənmə sayları və sonsuz sürüşdürmə kimi funksiyaların ləğv edilməsini istəyirlər.

Məhkəmənin ilk iclasında ştatların vəkilləri ilə Meta-nın müdafiə qrupu arasında sərt mübahisələr yaşanıb.

Kaliforniya ştatını təmsil edən vəkil Meqan O'Nil Meta-nın platformalarında milyonlarla 11 və 12 yaşlı uşağın olduğunu müəyyən etməsinə baxmayaraq, onların qarşısını almaq üçün kifayət qədər addım atmadığını bildirib. O'Nil Meta-nın öz şirkətdaxili araşdırmalarında yer alan “5 gəncdən 1-i Instagram-ın özünü daha pis hiss etdirdiyini deyir”“Gənclərin istifadəsi asılılıq hekayəsinə malikdir” kimi ifadələrə diqqət çəkib.

Metanın biznes modelini izah edən O'Nil şirkətin mənfəət hərisliyini uşaqların təhlükəsizliyindən üstün tutduğunu və ictimaiyyətə verilən açıqlamalarla şirkətdaxili araşdırmaların bir-biri ilə ziddiyyət təşkil etdiyini bildirib.

Meta-nın baş vəkili Pol Şmidt isə ittihamları rədd edərək sözügedən şirkətdaxili sənədin natamam qiymətləndirildiyini müdafiə edib.

Şmidt araşdırmada iştirak edən gənclərin 41 faizinin platformanın özlərini daha yaxşı hiss etdirdiyini, digər 41 faizlik hissənin isə heç bir mənfi təsir hiss etmədiyini bildirib.

13 yaşdan aşağı istifadəçilərin yaşlarının təsdiqlənməsi məsələsində hüquqi məhdudiyyətlərin Meta-nın məlumat toplamasına mane olduğunu deyən Şmidt sosial media asılılığının elmi cəhətdən sübuta yetirilmədiyini iddia edib.

Meta şirkətinin baş direktoru Mark Zükerberq və Instagram rəhbəri Adam Mosserinin əvvəlki açıqlamalarına istinad edən Şmidt platformaların asılılıq yaradacaq şəkildə hazırlanmadığını bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu