Kolumbiya zəlzələ səbəbilə ABŞ-dan əlavə gömrük rüsumlarını dayandırmağı istədi
Kolumbiya Prezidenti Abelardo de la Espriella ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığında zəlzələ səbəbilə ölkəsinə tətbiq edilən əlavə gömrük rüsumlarının müvəqqəti olaraq dayandırılmasını istəyib.
AFN.az xəbər verir ki, De la Espriella X platformasında etdiyi açıqlamada Rubio ilə telefon danışığını dəyərləndirib.
Rubio ilə olduqca səmərəli görüş keçirdiyini bildirən De la Espriella “Ona Kolumbiya məhsullarına təsir edən gömrük rüsumlarının müvəqqəti olaraq dayandırılması ilə bağlı tələbimi təkrarladım. Buna nail olmaq üçün tamamlanmalı olan prosedur var və ABŞ hökuməti bu məqsədə doğru irəliləməkdə tam iradə nümayiş etdirir. Ticarət naziri Maurisio Qomeyə məsələni şəxsən idarə etməsi üçün bu gün birbaşa Vaşinqtona səfər etməsi barədə göstəriş verdim. Nazir Rubioya faciə qarşısında ABŞ-ın Kolumbiyaya göstərdiyi iqtisadi dəstəyə, humanitar yardıma və xilasetmə qrupları başda olmaqla bütün dəstəklərə görə təşəkkür etdim” deyə bildirib.
Kolumbiya ilə ABŞ arasındakı tarixi və həyati əhəmiyyət daşıyan ittifaqı gücləndirmək əzmində olduğunu bildirən De la Espriella “Bu gün Kolumbiya və Amerika Birləşmiş Ştatları əvvəlkindən daha çox birlikdə olmalıdır” ifadəsini işlədib.
Xatırladaq ki, Prezident De la Espriella ABŞ Prezidenti Donald Trampla da avqustun 16-da telefon danışığı aparmışdı.
Qeyd edək ki, Kolumbiyada avqustun 10-da baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 300-ü keçib.
