Ukraynada Peçeniqə hava hücumu: 10 nəfər öldü, çox sayda yaralı var
Ukrayna Prezidenti Volodimir Zelenski Rus ordusunun Xarkov vilayətindəki Peçeniq qəsəbəsinə təşkil etdiyi hava hücumu nəticəsində ilkin məlumatlara görə 10 nəfərin həyatını itirdiyini və çox sayda şəxsin yaralandığını bildirib.
AFN.az xəbər verir ki, Zelenski sosial media hesabında verdiyi açıqlamada Rusiyanın Xarkov vilayətinin Peçeniq qəsəbəsinə hava hücumu təşkil etdiyini qeyd edib.
Zelenski hücumun ətrafında poçt binası, marketlər və evlərin yerləşdiyi sıx hərəkətli yol qovşağını hədəf aldığını bildirib.
Zelenski hücumun faciə olduğunu qeyd edərək, “Bu Rusiya hücumuna mütləq cavab verəcəyik” ifadəsini işlədib.
Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov da sosial media hesabında verdiyi açıqlamada Rusiya ordusunun Peçenigə raket hücumu təşkil etdiyini bildirib.
Ukrayna Ordusunun Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı açıqlamada Rusiyanın bu gecə ölkəyə 147 silahlı pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyi qeyd edilib.
Açıqlamada Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən 111 PUA-nın zərərsizləşdirildiyi ifadə olunub.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) açıqlamasında Rusiyanın Zaporojye şəhərinə təşkil etdiyi hücum nəticəsində 2 nəfərin həyatını itirdiyi bildirilib.
Açıqlamada həmçinin Çerniqov və Dnepropetrovsk vilayətlərinə edilən hücumlarda 2 nəfərin yaralandığı qeyd olunub.

