Şəkərli içkilər ilk dəfə mədə xərçəngi ilə əlaqələndirildi
Şəkərli içkilərin sağlamlığa mənfi təsirləri məlum olsa da, onların gündəlik istehlakı kifayət qədər yüksək olaraq qalır.
AFN.az xəbər verir ki, ABŞ-da aparılan yeni araşdırma bu gündəlik vərdişin mədə xərçəngi riskini əhəmiyyətli dərəcədə artıra biləcəyini ortaya qoyub.
“Gastro Hep Advances” jurnalında dərc olunan araşdırmada gündə ən azı bir porsiya şəkərli içki qəbul edən şəxslərin heç istehlak etməyənlərlə müqayisədə mədə xərçənginə tutulma ehtimalının təxminən 2,45 dəfə çox olduğu müəyyən edilib.
Massachusetts General Hospitalda aparılan araşdırmanın baş müəllifi və qastroenteroloq Endryu T. Çan “Bu araşdırma ABŞ əhalisində şəkərli içki istehlakı ilə mədə xərçəngi arasındakı əlaqəni göstərən ilk tədqiqat olmaq xüsusiyyətini daşıyır. Mədə xərçəngi dünya üzrə xərçənglə əlaqəli ölümlərdə beşinci yerdədir, lakin pəhrizin bu xərçəngə necə töhfə verdiyi barədə çox az məlumatımız var idi” deyib.
Tədqiqatçılar iki böyük və genişmiqyaslı araşdırmanın məlumatlarını birləşdirərək ümumilikdə 112284 iştirakçını araşdırıblar. 1986-2022-ci illər arasında izlənilən bu qrupda 278 mədə xərçəngi hadisəsi qeydə alınıb.
Potensial risk faktorları nəzərə alındıqdan sonra aparılan təhlildə gündə ən azı bir porsiya (təxminən 237 millilitr) qazlı içki, meyvə şirəsi və ya idman içkisi kimi şəkərli içkilər qəbul edən şəxslərin mədə xərçənginə tutulma riskinin iki dəfədən çox artdığı müəyyən edilib. Artım kişilərdə təxminən iki dəfə, qadınlarda isə üç dəfəyə yaxın olub.
Süni dadlandırıcıların sağlamlığa təsirləri ilə bağlı müzakirələr davam etsə də, tədqiqatçılar bu araşdırmada süni dadlandırıcılı içkilərlə mədə xərçəngi arasında hər hansı əlaqə müəyyən etməyiblər.
Ekspertlər bu cür müşahidə xarakterli araşdırmaların məlumatlara əsaslanan əlaqələri göstərdiyini və birbaşa səbəb-nəticə əlaqəsini sübut etmədiyini bildirirlər.
Yəni şəkərli içki istehlakının birbaşa mədə xərçənginə səbəb olduğu qəti şəkildə söylənə bilməsə də, məlumatlar güclü əlaqəyə işarə edir.
Şəkərli içkilərin mədə xərçənginə hansı mexanizmlə səbəb ola biləcəyi hələ dəqiq müəyyən edilməsə də, tədqiqatçılar çəki artımı, insulin müqaviməti, steroid hormon balansının pozulması, iltihab, DNT zədələnməsi və bağırsaq mikrobiotasının pozulması kimi amillərin rol oynaya biləcəyini qiymətləndirirlər.

