İrlandiyada 5 gəncin öldüyü qəza TikTok-u diqqət mərkəzinə gətirdi
İrlandiyada bir avtomobilin magistral yolda əks istiqamətdə hərəkət edərkən başqa bir avtomobillə toqquşması və həmin nəqliyyat vasitəsindəki beş gəncin həyatını itirməsindən sonra sosial media nəhəngi TikTok araşdırma altına alınıb.
AFN.az xəbər verir ki, Kildare bölgəsindəki M9 magistral yolunda baş verən qəzada Dublin Hava Limanına gedən digər avtomobildəki üç qadın və bir uşaq ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları gənclərin sosial mediada bəyənmə və qarşılıqlı əlaqə əldə etmək məqsədilə gecələr avtomobillər oğurlayaraq əks istiqamətdə sürdüklərini və təhlükəli anları TikTok-da paylaşdıqları qrup trendi ilə mübarizə apardıqlarını açıqlayıblar.
İrlandiyanın Media Tənzimləmə Qurumu qanunsuz məzmunlar və təhlükəli sürücülük videolarına qarşı hansı tədbirlərin görüldüyünü soruşmaq üçün TikTok rəhbərliyi ilə əlaqə saxlayıb.
Qurum platformadan qayda pozuntusu təşkil edən məzmunları müəyyənləşdirmək, insan resursları hesabına nəzarəti gücləndirmək və cinayətlə bağlı məlumatları polisə bildirilib-bildirilmədiyi barədə açıqlama tələb edib.
TikTok hesablarına aid profillərdə polislə yaşanan təqiblərin və avtomobil oğurluqlarının görüntülərinin yayımlandığı bildirilərkən, platformanın nümayəndələri qaydaları pozan hesabların və videoların silindiyini açıqlayıblar.
İrlandiyanın Baş naziri Maykl Martin sosial media bəyənmələri naminə edilən təhlükəli sürücülüyə heç bir şəkildə dözümlülük göstərilməyəcəyini bildirib.
Polis Nümayəndələri Assosiasiyasının rəsmiləri isə gənc qrupların sosial mediada önə çıxmaq naminə bir-biri ilə rəqabət apardığına diqqət çəkərək ailələrə xəbərdarlıq ediblər.


