Müalicə uğursuz olarsa həkim məsuliyyət daşıyır? — Ali Məhkəmədən şərh


Tibbi müdaxilənin arzuolunmaz nəticə ilə yekunlaşması hər zaman həkimin hüquqi məsuliyyət daşıması anlamına gəlmir.

AFN.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin səhiyyə sahəsində yaranan mübahisələrlə bağlı açıqlamasında bildirilib.

Qeyd olunub ki, həkimin məsuliyyəti tibbi müdaxilənin mövcud göstərişlərə uyğun aparılması, diaqnozun düzgün müəyyən edilməsi, müalicə taktikasının tibbi standartlara cavab verməsi və müdaxilənin peşəkar şəkildə icrası əsasında qiymətləndirilməlidir. Xəstədə sonradan müəyyən fəsadların yaranması təkbaşına həkimin təqsirini təsdiqləmir.

Tibbi mübahisələr zamanı məhkəmə yalnız yaranmış nəticəni deyil, həmin nəticəyə gətirib çıxaran prosesin düzgün icra olunub-olunmadığını da qiymətləndirir. Həkim diaqnozu mövcud müayinələr əsasında düzgün müəyyənləşdirib, müalicə üsulunu düzgün seçib və əməliyyatı tibbi standartlara uyğun həyata keçiribsə, arzuolunmaz nəticənin yaranması özü-özlüyündə onun hüquqi məsuliyyət daşıdığını göstərmir.

Ali Məhkəmənin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarında da qeyd olunub ki, bütün prosedurlar tibb elminin ümumi qəbul edilən sübutlu təbabət prinsiplərinə uyğun, xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində həyata keçirildikdə vurulmuş zərərə görə məsuliyyət istisna edilir.

Ali Məhkəmə tibbi mübahisələrdə tibbi sənədlərin mühüm sübut rolunu oynadığına da diqqət çəkib. Tibb müəssisəsi fəaliyyətinin qanuna, göstərdiyi tibbi xidmətlərin isə klinik protokollara uyğun olduğunu sübut etməlidir. Bu səbəbdən xəstənin şikayətləri, aparılan müayinələr, diaqnoz, əməliyyatın səbəbləri və protokolları, eləcə də pasiyentin məlumatlandırılması və razılığının alınması tam və düzgün sənədləşdirilməlidir.

Bildirilib ki, sənədləşmədə boşluqların olması tibbi müdaxilə düzgün həyata keçirildiyi halda belə, sonradan sübutetmə baxımından ciddi çətinliklər yarada bilər.

Eyni zamanda, xəstənin əməliyyat barədə məlumatlandırılması və razılığının alınması yalnız formal sənədin imzaladılması ilə məhdudlaşmamalıdır. Pasiyentə əməliyyatın məqsədi, mümkün riskləri, ağırlaşmaları və gözlənilən nəticələri sadə və anlaşılan formada izah edilməli, bu proses müvafiq qaydada sənədləşdirilməlidir.

Qeyd olunub ki, tibbi xidmət sahəsində hüquqi risklərin azaldılması üçün həkimlər və tibb müəssisələri fəaliyyətlərini yalnız keyfiyyətli tibbi xidmət göstərməklə məhdudlaşdırmamalı, prosesləri hüquqi baxımdan da düzgün təşkil etməlidirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu