Bəzi tibbi xidmətlərlə bağlı tariflər təsdiq ediləcək
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Sənədlə bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov məlumat verib.
Qeyd olunub ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişiklik icbari tibbi sığorta ilə əhatə olunmayan və dövlət tibb müəssisələri üzrə əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin təsdiq edilməsinin hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb.
Qanun layihəsi “Tibbi sığorta haqqında” qanuna uyğun olarsa, xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin, habelə həmin qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), digər tibb müəssisələrinə münasibətdə isə tabe olduqları dövlət orqanları (qurumları) tərəfindən təsdiq edilməsi ilə bağlı münasibətləri tənzimləyəcək.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.