İnsan hüquqları üçün süni intellekt qanun layihəsi çağırışı
İngiltərə parlamentinin İcmalar Palatası və Lordlar Palatasının üzvlərindən ibarət partiyalararası komitə mövcud qanunların kifayət etmədiyi süni intellektin insan hüquqları üçün yaratdığı riskləri müəyyən edib.
AFN.az xəbər verir ki, İnsan Hüquqları üzrə Birgə Komitə bu təhdidlərin ciddiliyinin nəzərə alınması və yeni süni intellekt qanun layihəsinin hazırlanması çağırışı ilə hesabat yayıb.
Komitənin sədri, deputat Alek Sobel bildirib ki, İngiltərə də daxil olmaqla dünyanın heç bir yerində məqsədəuyğun süni intellekt hüquqi tənzimləmə sistemi mövcud deyil.
Bir neçə gün əvvəl “Anthropic” şirkətinin baş icraçı direktoru Dario Amodei də qlobal tənzimləmə, sektor üzrə tənzimləmə və müstəqil nəzarəti əhatə edən plan təklif etmişdi.
Komitənin hesabatında süni intellektin qadınların və qız uşaqlarının seksual məzmunlu görüntülərinin yaradılması, insanların üzlərinin razılıq olmadan skan edilməsi kimi çoxsaylı insan hüquqları pozuntularına səbəb olduğu bildirilib.
Həmçinin sistemlərin internetdən toplanan məlumatlarla öyrədilməsi səbəbindən onlarda qərəzlərin yarana və yanlış məlumatların yayıla biləcəyi vurğulanıb.
Komitə hüquqi statusa malik vahid və müstəqil süni intellektə nəzarət orqanının yaradılmasını təklif edib. Mövcud hüquqi çərçivənin parçalanmış və dağınıq olduğu, bunun isə insan hüquqlarının qorunmasında boşluqlar yaratdığı bildirilib.
Qanun layihəsində risk səviyyələrini təsnif edən və yüksək riskli modellər üçün daha sərt öhdəliklər müəyyənləşdirən sistemin yaradılmasının vacibliyi qeyd olunub.
Hesabatda insan hüquqları ilə uyğun gəlməyən bəzi süni intellekt tətbiqlərinin birbaşa qadağan edilməli olduğu da müdafiə edilib.
Bu çərçivədə şüuraltı təsir üsullarından istifadə, profilləşdirmə və biometrik məlumatlardan düzgün olmayan şəkildə istifadə potensial müdaxilə sahələri kimi göstərilib.
