Köçəri quşların hər 9-dan 1-i nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir



Qlobal hesabata görə, köçəri quşların hər 9 növündən 1-i nəsli kəsilmək təhlükəsi ilə üzləşib.

AFN.az xəbər verir ki, köçəri quş növlərinin 45 faizinin populyasiyası azalır.

“BirdLife International”ın dörd ildən bir yayımladığı hesabat köçəri quşların üzləşdiyi təhlükənin miqyasını ortaya qoyur. Hesabata görə, son 150 ildə 7 köçəri quş növünün nəsli kəsilib və ya kəsilmiş ola biləcəyi qiymətləndirilir.

2025-ci ildə nazikdimdikli qıvrımlələk də nəsli kəsilmiş növlər siyahısına əlavə edilib. Bu, son əsrlərdə Avrasiya və Afrika qitələrində qeydə alınan ilk qlobal quş nəslinin kəsilməsi olub.

Quşların miqrasiya zamanı istifadə etdiyi yaşayış mühitlərinin məhv edilməsi populyasiyaların azalmasının əsas səbəbləri arasında yer alır. İntensiv kənd təsərrüfatı, dayanıqsız ovçuluq, çirklənmə, invaziv növlər və iqlim dəyişikliyi də köçəri quşlar üzərindəki təzyiqi artırır.

Xüsusilə dəniz və sahil quşları dəniz yaşayış mühitlərinin, eləcə də sahilyanı bataqlıq ərazilərin itirilməsindən ciddi şəkildə təsirlənir.

Təhlükənin miqyası qanunsuz ovçuluqda da özünü göstərir. Avropa, Aralıq dənizi, Qafqaz və Ərəbistan yarımadasında hər il 13,1 milyon ilə 42,7 milyon arasında köçəri quşun qanunsuz şəkildə öldürüldüyü və ya tutulduğu təxmin edilir.

Köçəri quşların istifadə etdiyi 1099 mühüm biomüxtəliflik ərazisinin də 58 faizinin son 10 ildə aparılan elmi monitorinqlərdə pis və ya çox pis vəziyyətdə olduğu müəyyənləşdirilib.

Lakin hesabatda düzgün mühafizə tədbirlərinin nəticə verdiyini göstərən nümunələrə də yer verilib.

Avstraliyadakı Makkuori adasında invaziv növlərin aradan qaldırılmasından sonra mavi petrel və digər köçəri dəniz quşlarının populyasiyaları yenidən artmağa başlayıb. Çində isə sahilyanı lil düzənliklərində invaziv bitkilərin təmizlənməsi nəticəsində 37553 hektar ərazi yenidən bərpa edilib.

Ekspertlərin fikrincə, bu nümunələr miqrasiya yolları boyunca həyata keçiriləcək mühafizə tədbirlərinin quş populyasiyalarının yenidən bərpa olunmasına kömək edə biləcəyini göstərir.

Hesabatın təqdim olunduğu Nayrobidə keçirilən Qlobal Miqrasiya Marşrutları Sammitində ölkələr, alimlər və ətraf mühit təşkilatları köçəri quşların istifadə etdiyi marşrutların qorunması ilə bağlı yeni öhdəliklər götürüblər.

Üç inkişaf bankı də miqrasiya yollarındakı yaşayış mühitlərinin qorunması və bərpası məqsədilə 6 milyard dollardan çox maliyyə vəsaiti ayıracaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu