Quş qripi son qitənin də qapısını döydü: H5N1 Avstraliyaya çatdı



Avstraliya Kənd Təsərrüfatı Nazirliyi dünya miqyasında sürətlə yayılan yüksək dərəcədə yoluxucu H5N1 quş qripi variantının ölkədə ilk dəfə aşkar edildiyini təsdiqləyib.

AFN.az xəbər verir ki, bu hadisə ilə birlikdə virusun hələ çatmadığı yeganə qitə olan Avstraliyada da ilk hadisənin qeydə alınması ilə xəstəlik yer üzündəki bütün qitələrə yayılmış oldu.

Nazirlik tərəfindən verilən açıqlamada virusun Qərbi Avstraliyanın ucqar bir bölgəsində tapılan köçəri dəniz quşunda aşkar edildiyi bildirilib.

Ölkənin cənub-şərqindəki bir milli parkın sahilində tapılan quş üzərində aparılan testlərin pozitiv çıxmasından sonra rəsmilər hərəkətə keçiblər.

Kənd təsərrüfatı naziri Culi Kollins keçirdiyi mətbuat konfransında bu vəziyyətin gözlənildiyini ifadə edərək, sonsuza qədər quş qripindən uzaq qala bilməyəcəklərini bəyan edib.

Bölgədə ikinci şübhəli hadisənin də araşdırıldığını bildirən rəsmilər hazırda kütləvi heyvan tələfatı dalğasına dair bir sübutun olmadığını vurğulayıblar.

Təhlükə Altında Olan Növlər Komissiyası virusun bölgədəki digər heyvan populyasiyalarına keçib-keçmədiyinin bir neçə gün ərzində dəqiqləşəcəyini elan edib.

Ölkənin baş baytar həkimi isə fövqəladə hallar komitəsinin dərhal toplandığını və rəsmilərin belə bir ssenariyə uzun müddətdir hazır olduğunu bildirib.

H5N1 variantı ev quşları və vəhşi quş populyasiyaları arasında çox sürətlə yayılma xüsusiyyətinə malik olması ilə tanınır.

Ekspertlər virusun dünya miqyasında vəhşi quşlarla yanaşı tülkü, su iti və su samuru kimi fərqli məməli növlərini də yoluxdura bildiyini, insanlara yoluxma riskinin isə olduqca nadir hallarda görüldüyünü xatırladırlar.

Virusun ana qitəyə çatmasından əvvəl ötən il Avstraliyaya bağlı uzaq okean adalarında da bənzər hadisələr görülmüşdü.

Həftə ərzində dərc olunan bir araşdırma virusun vəhşi təbiət üzərindəki dağıdıcı təsirini gözlər önünə sərib.

Hind okeanındakı adalarda yaşayan minlərlə bala su itinin və pinqvin populyasiyasının böyük bir hissəsin quş qripi səbəbindən tələf olduğu təxmin edilir.

Elm adamları virusun bu izolyasiya olunmuş bölgələrə minlərlə kilometr uzaqlıqdan köç edən quşlar vasitəsilə daşındığına inanırlar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu