Ən güclü El Nino yaxınlaşır: Hava və iqtisadiyyata necə təsir edəcək?
Bu ilki El Nino hadisəsinin indiyədək qeydə alınan ən güclü səviyyəyə çatmaq yolunda irəlilədiyi bildirilir.
AFN.az xəbər verir ki, iqlim alimləri xüsusilə Sakit okeanda güclənən El Nino-nun son 150 ilin ən şiddətli hadisəsinə çevrilə biləcəyi barədə xəbərdarlıq ediblər.
Okeandan atmosferə buraxılacaq nəhəng istilik miqdarının insan mənşəli qlobal istiləşmə ilə birləşərək qarşıdakı ili tarixdə qeydə alınmış ən isti il edə biləcəyi qiymətləndirilir.
Ekspertlər El Nino-nun pik həddinin əvvəlki rekordları nəzərəçarpacaq fərqlə üstələyəcəyini proqnozlaşdırırlar. Dağıdıcı təsirlərin yağıntı rejiminə, temperaturlara və qasırğaların hərəkətinə birbaşa təsir edəcəyi bildirilir.
Proseslə əlaqədar qlobal orta temperaturun 2027-ci ildə sənaye öncəsi dövrlə müqayisədə 1,7 dərəcə yüksələ biləcəyi bildirilir.
Bu səviyyə Paris Sazişinin 1,5 dərəcəlik kritik həddindən xeyli yüksəkdir. ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) El Nino şəraitinin ən azı 2027-ci ilin aprelinə qədər davam etməsinin demək olar ki, qəti olduğunu açıqlayıb. Temperatur artımlarının 2026-cı il ərzində də rekord həddə çatma ehtimalının yüksək olduğu qeyd edilib.
El Nino-nun səbəb olacağı quraqlıq, həddindən artıq istilər, daşqınlar və meşə yanğınları qlobal iqtisadiyyatı da birbaşa təhdid edir. Tədqiqatçılar mövcud vəziyyətin 2032-ci ilə qədər qlobal iqtisadiyyatda 10 trilyon dollarlıq itkiyə səbəb ola biləcəyini hesablayırlar.
Goldman Sachs analitikləri “Super El Nino”nun beynəlxalq ərzaq qiymətlərində 15,8 faizlik artıma səbəb ola biləcəyini vurğulayıblar.
Xüsusilə Hindistanda musson yağışlarının azalması səbəbindən buğda, düyü və şəkər qamışı istehsalının mənfi təsirlənəcəyi proqnozlaşdırılır. Avropa Mərkəzi Bankı isə əsas ərzaq məhsullarında qiymət artımının 9 faizə çata biləcəyi barədə xəbərdarlıq edib.
Okean temperaturunun artması mərcan riflərində kütləvi ağarmalara səbəb olaraq dəniz ekosistemlərini təhdid edir.
Həmçinin okeanların atmosferdən udduğu xalis karbon miqdarının azalacağı bildirilir. Alimlər qlobal istiləşmənin El Nino-nu tətikləyib-tətikləmədiyi, yoxsa El Nino-nun istiləşməni sürətləndirib-sürətləndirmədiyi ilə bağlı araşdırmalarını davam etdirirlər.
