Dünya Meteorologiya Təşkilatı: "El-Nino"nun şiddətlənməsi ilə ekstremal hava hadisələri riski artacaq
Dünya Meteorologiya Təşkilatı (WMO) "El-Nino" təbiət hadisəsinin şiddətlənməsi ilə dünyanın bir çox bölgəsində isti hava dalğaları, quraqlıqlar, şiddətli yağışlar və ekstremal hava şəraiti riskinin artacağını proqnozlaşdırır.
AFN.az xəbər verir ki, WMO aylıq qlobal mövsümi iqlim yeniləməsinə dair hesabat yayıb.
Hesabatda Tropik Sakit okeanda "El-Nino" şəraitinin formalaşdığı və növbəti aylarda sürətlə güclənməsinin gözlənildiyi, bunun da bir çox regionda anomal isti hava, quraqlıq, güclü yağıntı və digər ekstremal hava hadisələrinin başvermə ehtimalını artırdığı qeyd olunub.
İyul-sentyabr 2026-cı il dövründə güclü "El-Nino" şəraitinə doğru sürətli inkişafa diqqət çəkilən sənəddə Mərkəzi və Şərqi Ekvatorial Sakit okeandakı suyun temperaturunda davamlı isinmənin müşahidə edildiyi bildirilib.
"El-Nino"nun Şimal yarımkürəsində payız aylarında güclənməyə davam edəcəyi və təsirinin dünyanın bir çox yerinə yayılacağı, həmçinin Ekvator Atlantik hövzəsinin də ümumilikdə normadan daha isti qalacağı gözlənilir.
Hesabatda fikirlərinə yer verilən WMO Baş katibi Selesta Saulo "El-Nino" şəraitinin artıq başladığı və sürətlə güclü bir hadisəyə çevriləcəyi barədə xəbərdarlıq edib.
O, bu vəziyyətin quraqlıq və həddindən artıq yağıntı ehtimalını, habelə quruda və dənizdə isti hava dalğaları riskini artıracağını vurğulayıb.
WMO-nun hökumətləri, humanitar yardım təşkilatlarını və iqlimə qarşı həssas sektorları dəstəkləmək üçün Birləşmiş Millətlər Təşkilatı və regional səviyyədə fəaliyyətləri koordinasiya etmək məqsədilə görünməmiş bir səfərbərlik başlatdığına diqqət çəkən Saulo təkmilləşdirilmiş mövsümi proqnozların və erkən xəbərdarlıqların həyat xilas etmək, iqtisadiyyat və cəmiyyətlərə dəyən ziyanı azaltmaq üçün həyati əhəmiyyət kəsb etdiyini qeyd edib.
Sakit okeanda baş verən "El-Nino" hava hadisəsi xüsusilə okean sahillərindəki bölgələrdə və qlobal miqyasda temperaturun yüksəlməsinə səbəb olur.
Bunun əksi kimi xarakterizə edilən "La-Nina" isə dünya üçün daha soyuq hava şəraiti deməkdir.
"El-Nino" ilə "La-Nina" arasındakı keçid dövründə isə neytral, yəni normal hava hadisələri müşahidə olunur.

