Aİ Ukraynaya 6,1 milyard avroluq müdafiə dəstəyi ayırdı



Avropa İttifaqı (Aİ) Ukraynanın hava hücumundan müdafiə sistemləri, raketlər, sursat və radarların alınması üçün 6,1 milyard avroluq maliyyələşməni təsdiqləyib.

AFN.az xəbər verir ki, Aİ Komissiyası Ukraynanın Müstəqillik Günü münasibətilə təsdiqlənən müdafiə tədarükü ilə bağlı açıqlama yayıb.

Açıqlamada Ukraynanın 6,1 milyard avroluq yeni müdafiə tədarükü planının təsdiqləndiyi, maliyyənin hava və raketdən müdafiə sistemləri, raketlər, sursat və radarların alınmasına sərf ediləcəyi bildirilib.

Sözügedən maliyyələşmənin 2026-2027-ci illər ərzində Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq Ukrayna Dəstək Krediti çərçivəsində qarşılanacağı qeyd edilib.

Açıqlamada yeni planın daha əvvəl təsdiqlənmiş 16 milyard avroluq müdafiə tədarükünə əlavə olduğu bildirilib və əvvəlki məbləğin 8,35 milyard avroluq hissəsinin Ukraynaya təqdim edildiyinə diqqət çəkilib.

Aİ Komissiyasının sədri Ursula fon der Lyayen də məsələ ilə bağlı açıqlamasında Avropanın Ukraynaya dəstəyinin qətiyyətli və konkret olduğunu bildirib.

Rusiyanın hücumlarını intensivləşdirdiyinə diqqət çəkən fon der Lyayen “Bu gün Ukraynanın təcili ehtiyac duyduğu hava və raketdən müdafiə sistemləri, raketlər, sursat və radarlar üçün 6,1 milyard avroluq maliyyələşməni təsdiqlədik” deyə qiymətləndirib.

Ukrayna Dəstək Krediti 2026-2027-ci illərdə Ukraynaya 30 milyard avro büdcə yardımı və 60 milyard avro müdafiə dəstəyi göstərilməsini nəzərdə tutur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu